"Bu dəhlizin olmasında daha çox maraqlı olan tərəf Tiflisdir".
Bunu Qaynarinfo-ya açıqlamasında ReAL sədri Natiq Cəfərli Tehranın TRACECA çərçivəsində İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizinin yaradılması barədə təklifini şərh edərkən deyib.
Natiq Cəfərli bildirib ki, Azərbaycandan Gürcüstana zatən dəhliz mövcuddur:
"Həm Bakı-Tiflis-Qars dəmiryolu, həm də avtomobil yolları mövcuddur. Yəni prinsip etibarı ilə İran öz məhsullarının daşınması zamanı bu yollardan istifadə edə bilər. Sadəcə, problem odur ki, İran dəmiryolunun Azərbaycan dəmiryoluna birləşdirilməsi məsələsi meydana gələ bilər. Bu olarsa, dəmiryolları ilə yükdaşımalar mümkün ola bilər. Bu transit dəhlizində Tiflis daha çox maraqlıdır. Gürcüstan bunun baş verməsini istəyir".
Ekspertə görə, Rusiya və Ermənistan isə bu layihədən kənar qala bilərlər:
"İstənilən halda həmin layihə Cənubi Qafqazdakı ümumi dəhlizlər layihəsinin bir hissəsi olacaq. Çünki İran ərazisindən keçən yollar da var. Gələcəkdə Zəngəzur dəhlizi də açılacaq. Yəni kompleks şəkildə Cənubi Qafqaz və Azərbaycan loqistik mərkəzə çevriləcək. Azərbaycanda bu fonda iqtisadi və siyasi dividentlər əldə edə bilər".
Qeyd edək ki, İran TRACECA çərçivəsində İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizinin yaradılmasını təklif edir. Bu barədə ölkənin yol və şəhərsalma nazirinin müşaviri Amin Terfe bildirib. O qeyd edib ki, sözügedən təşəbbüs İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin bu yaxınlarda Azərbaycana səfəri zamanı səsləndirilib və rəsmilər tərəfindən bəyənilib.
Xatırladaq ki, TRACECA beynəlxalq nəqliyyat dəhlizi Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş olmaqla 14 ölkəni-Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Moldova, Rumıniya, Tacikistan, Türkmənistan, Türkiyə, Ukrayna və Özbəkistanın nəqliyyat sistemini əhatə edir.
Rüfət Sultan
Şərhlər