Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) baş tikinti inzibatçısı – Tikinti layihələrinin idarəolunması departamenti və baş layihə inzibatçısı – Layihələrin idarəolunması departamentinin rəhbəri vəzifələrinə təyinatlar olub.
Bu barədə "APA-Economics"ə AZCON-dan bildirilib.
Məlumata görə, Murad Rafiq oğlu Əhmədov baş tikinti inzibatçısı – Tikinti layihələrinin idarəolunması departamentinin direktoru vəzifəsinə təyin edilib.
M.Əhmədov 1980-ci ildə anadan olub. Xəzər Universitetində Maliyyə və kredit üzrə bakalavr təhsili alıb. O, əmək fəaliyyətinə 2002-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankında başlayıb. 2005-2012-ci illərdə "KPMG” və "Ernst&Young” (EY) kimi şirkətlərdə auditor, baş auditor və audit üzrə menecer vəzifələrində çalışıb. 2012-2024-cü illərdə "PAŞA Holding” şirkətlər qrupunda müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.
Tural Əlisurət oğlu Məmmədov isə baş layihə inzibatçısı – Layihələrin idarəolunması departamentinin direktoru vəzifəsinə təyin edilib. T.Məmmədov 1986-cı ildə anadan olub. Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər üzrə bakalavr, Böyük Britaniyanın Exeter Universitetində Maliyyə və menecment üzrə magistratura təhsili alıb. Böyük Britaniyanın "Imperial College London” ali təhsil müəssisəsinin Biznesin idarə edilməsi (MBA) üzrə magistr proqramını bitirib.
O, əmək fəaliyyətinə 2012-ci ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) kommersiya məsələləri üzrə məsləhətçi kimi başlayıb. 2014-2020-ci illərdə "BP”nin London ofisində "Şahdəniz-2” və "Azəri-Mərkəzi-Şərqi” layihələrində xərclər üzrə baş mühəndis kimi çalışıb.
2020-2022-ci illərdə "SOCAR Trading” şirkətinin London ofisində maliyyə məsləhətçisi, 2022-2025-ci illərdə isə "PwC” şirkətinin London ofisində "Kapital layihələr və kommersiya təminatı” biznes bölməsində baş menecer kimi fəaliyyət göstərib.
Şərhlər