"Sergey Lavrovun bu səfəri Nikol Paşinyanın Qərbə inteqrasiyasını durdurmaq üçün təzyiq məqsədi daşıya bilər. İstisna deyil ki, səfər çərçivəsində Qafanda rus konsulluğu açılsın".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Rusiya XİN rəhbəri Sergey Lavrovun Ermənistana olacaq səfərini şərh edərkən deyib.
Taleh Əliyev bildirib ki, son günlər Rusiya yenidən Ermənistanda aktiv təxribatlara başlayıb:
"Ermənistan parlamentinin sədri Alen Simonyan Robert Koçaryan və digərlərini Rusiya xüsusi xidmət orqanlarına cəsusluqda ittiham etdi. Eyni zamanda, Ermənistan mediasında həmin revanşist qüvvələrin növbəti parlament seçkilərində Paşinyanın devrilməsi və Rusiyapərəst qüvvələrin yenidən hakimiyyətə gəlməsi istiqamətində aktiv fəaliyyət göstərdiklərilə bağlı geniş məlumatlar tirajlanır. Erməni parlamentindəki müxalifət də Paşinyanın impiçment məsələsini gündəmə gətirməyə çalışır. Həmin hadisələr fonunda Rusiya xarici işlər nazirinin Ermənistana gözlənilən səfəri həm də bu ölkədəki ruspərəst qüvvələrə verilən mesajdır. Səfər həmçinin, Paşinyanın qərbə inteqrasiya siyasətini durdurmaq üçün təzyiq göstərmək məqsədi də daşıyır".
Həmsöhbətimizin fikrincə, ola bilər ki, səfər çərçivəsində Moskva Qafanda rus konsulluğunun açılmasına da nail olmağa çalışsın:
"Lavrovun səfərini də bu tədbirlə əlaqələndirib, onunla maskalamış ola bilərlər. Hər halda, hazırkı gərginlik fonunda Rusiyanın yüksək səviyyəli dövlət nümayəndəsinin bu səfəri heç şübhəsiz Ermənistan-Qərb münasibətlərinə aydınlıq gətirilməsi və İrəvanı bu prosesdən çəkindirmək məqsədi daşıyacaq".
Qeyd edək ki, yaxın zamanlarda Rusiya xarici işlər naziri Ermənsitana səfər edəcək. Bu barədə Ermənistan XİN-ni məlumat verib. Lakin onların səfərin dəqiq tarixi barədə hələlik hər hansı bir məlumat verməyiblər.
Rüfət Sultan
Şərhlər