Xəbər lenti

Hakim:
Ölkə 15:35 18.04.2025

Hakim: "Məhkəmə iclaslarına gəlməyən vəkillərə görə Vəkillər Kollegiyasına müraciət olunacaq"

Aprelin 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Premium Bank"ın filial müdiri Nəzakət Məmmədxanovanın və xəzinədar Samirə Əliyevanın məhkəməsinə vəkillərinin gəlməməsi hakim Cavid Hüseynovu əsəbiləşdirib. 

Qaynarinfo xəbər verir ki, o, vəkillərin məhkəmə iclaslarına gəlməməsi səbəbindən məhkəmə proseslərinin davamiyyətinin pozulduğunu, vaxtın uzandığını deyib. 

"Yenə vəkil gəlməyib. Ötən məhkəmə iclası da vəkilə görə təxirə düşdü. Məcburam ki, vəkillərin iştirak etməmələrinə görə yenə məhkəməni təxirə salım. Növbəti dəfə belə olmayacaq. Məhkəmə iclaslarına üzrsüz səbəbdən gəlməyən vəkillərlə bağlı Vəkillər Kollegiyasına müraciət olunacaq", deyə hakim bildirib.

Nəzakət Məmmədxanova bankın 5 saylı filial müdiri olub. Məhkəmə hökmünə görə o, xəzinədəki 461 min manatı kriptovalyuta üzərindən dələduzluq edənlərə verib. Onunla bərabər xəzinədar Samirə Əliyeva da müttəhimlər kürsüsündədir.  

Məhkəmədəki ifadələrdən məlum olub ki, Nəzakət Məmmədxanova 2020-ci ildən "Premium Bank"ın 5 saylı filialının müdiri işləyib. Ümumilikdə isə 9 il adıçəkilən bankda çalışıb. İnvestisiya yatırmaq üçün 2 il əvvəl sosial şəbəkələrdə elan paylaşıb, elə hər şey də bundan sonra başlayıb. Təqsirləndirilən şəxs özü başına gələnləri bundan əvvəlki məhkəmə iclasında belə danışıb: 

"MainCapital.com saytından zəng gəldi. Özünü Artyom adı ilə təqdim edən şəxs dedi ki, qoyduğun pulun iki qatını asanlıqla geri götürə bilirsən. Mən də ilkin olaraq yatırım kimi 100 dollar qoydum, qısa zamanda 200 dollar götürdüm. Növbəti dəfə 1235 dollar qoydum, ikiqatını götürdüm. Sonra məbləği artırdım, keçdim bankın pullarına. Onlar da bunu bildikləri üçün keçdilər məni şantaj etməyə. Hədələyirdilər ku, pul qoymasam, banka zəng edəcəklər. Mən bankda mədaxil qəbzləri yazaraq həmin pulları kart vasitəsilə "M10"la onlara göndərirdim. Samirə xanımı da mən problemə salmışam. İlk olaraq əməliyyatçı Nigar Qasımovaya, sonra Fərid Səttarova dedim ki, pulları mənim plastik kartıma göndərin. Onlar da mədaxil yazaraq qəbzləri mənim kabinetimə gətirirdilər".

Digər təqsirləndirilən Samirə Əliyeva isə məhkəmədə bildirib ki, Nəzakət Məmmədxanovanın tapşırığı ilə filiala məxsus pulları ona verib. Nağd pul tükənəndə filial müdiri çarəsiz vəziyyətdə qaldığına görə qayçı ilə özünü öldürmək istəyib. O isə təklif edib ki, hüquq-mühafizə orqanlarına müraciət etsin. 

Bu iş üzrə ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi aparıb. İstintaqın gəldiyi qənaətə görə, "Premium Bank" ASC-də filial müdiri işləyən Nəzakət Məmmədxanova bu il mayın 8-dən 23-dək 5 saylı filialın 461 min 170 manat pulunu mənimsəyib. 32 mədaxil qəbzi əsasında həmin məbləği özününün hesab nömrəsindən "M10" proqram təminatında istifadəsində olan mobil nömrə vasitəsilə ayrı-ayrı şəxslərdən kriptovalyuta alaraq internet üzərindən kritovalyuta alqı-satqısının həyata keçirildiyi "Binance.com” internet saytında öz hesabına yerləşdirib.

Esmira Cavadova

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->