Son günlər ölkədəki qeyri-sabit hava şəraiti bir çox sahələrə zərər vurub.
Bölgələrdə sel təsərrüfatlara, hətta "Giləzi” quşçuluq fabrikinə da ciddi zərər vurub. Hazırda yaz fəslidir və meyvələrin yetişməsinə az müddət qalıb.
Güclü yağış və küləyin ağaclardakı çiçəklərə mənfi təsiri bazara da öz təsirini göstərə bilər. Onsuz da bu gün bazarda kənd təsərrüfatı məhsulları bahadır. Məhsulun az olması daha da bahalaşmaya səbəb ola bilər.
Qeyri-sabit hava şəraiti ilə bağlı qıtlıq yarana bilərmi?
İqtisadçı-ekspert Akif Nəsirli "Cebheinfo.az”-a bildirib ki, ümumiyyətlə, qeyri-sabit, küləkli, yağışlı hava şəraiti kənd təsərrüfatına mənfi təsir göstərir:
"Bu hava şəraiti uzunmüddətli olduqda təsirlər daha çox olur. Ancaq havanın müxtəlif günlərdə, qısa müddətdə yağışlı keçməsi o qədər də ciddi ziyan vurmur. Məsələn, biz ağac çiçəklərinə baxırıq, elə bilirik ki, ağacın çiçəklərinin hamısı bu gün açıb. Ancaq elə deyil. Ağacın çiçəkləri mərhələlərlə açır və bu mərhələlərlə də onun tozlanma vaxtı yaranır. Hansı çiçək tozlanma mərhələsindədirsə, o çiçəyi yağış korlaya, tozlanmasını poza bilir. Ancaq digərləri artıq yetişmiş olur və müəyyən mənada ziyan vurur.
Lakin qısamüddətli, 3 gün yağan yağış ciddi təsir göstərmir. Hazırda yoncanın biçin vaxtıdır. Külək, yağış ona zərərdir. Sünbülün artıq gövdəsinin yuxarı hissəsi dolmağa başlayıb. Külək onu yıxa bilir. Hazırda arpa sahələrində intensiv suvarma dövrüdür. Bu suvarma dövründə külək olursa, sünbülləri yerə yıxır, həm onun yetişməsini əngəlləyir, sünbülün ətrafında hava sirkulyasiyasını pozur. Bu da zərər verir. Bir də yıxılan sünbülü kombayn biçəndə itkilərə gedir və bu da məhsuldarlığa təsir edir. Bu cür mənfi təsirlər var”.
O xatırladıb ki, artıq hava şəraiti sabitləşməyə doğru gedir:
"Yəqin ki, bundan sonra dəyişkən hava şəraiti olmaz. Bu il Mərkəzi Aran rayonlarında meyvə bağlarında çox yüksək məhsuldarlıq müşahidə olunur. Əriyin, gilasın, alçanın məhsuldarlığı yüksəkdir. Hesab edirəm ki, bu il kənd təsərrüfatından bol məhsul gözləyə bilərik”.
Şərhlər