Xəbər lenti

Şəkili Yusifin qohumu da qumara görə həbs edilibmiş - Milyonluq işdə bəraət aldı
Ölkə 13:03 19.04.2025

Şəkili Yusifin qohumu da qumara görə həbs edilibmiş - Milyonluq işdə bəraət aldı

Üç ay əvvəl həbs edilən "qumar kralı” Yusif Baqiyevin (Şəkili Yusif) qohumu milyonluq işdə bəraət alıb.

"Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi 35 yaşlı Urfan Quliyevi qumarxana təşkiletmə və külli miqdarda vergiləri ödəməkdən yayınma ittihamları üzrə təqsirsiz hesab edib.

İstintaq materiallarına əsasən, U.Quliyev Yasamal rayonunda yerləşən "Çaysaray” çay evində qumar oyunları təşkil edib. Dövlət Vergi Xidməti əməkdaşları tərəfindən çayxanada keçirilən əməliyyat zamanı o, qohumu Şəkili Yusiflə birgə orada olub.

Toplanmış sübutlar əsasında Urfan Quliyev cinayət məsuliyyətinə cəlb edilib.

İstintaq orqanı Urfan Quliyevin internet üzərindən qumar oyunlarının təşkilindən 3 milyon manat gəlir əldə etdiyini, eyni zamanda 2 milyon manata yaxın sadələşdirilmiş vergini ödəməkdən yayındığını müəyyən edib. Həbsindən bir ay sonra azadlığa buraxılan Urfan hökmə qədər ev dustaqlığında qalıb. 

Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyib. Deyib ki, qumar oyunlarını yalnız özü üçün oynayıb. Həmçinin Yasamal rayonunda mərc oyunları ilə bağlı məntəqə işlədib. Urfan ifadəsində Şəkili Yusifin qohumu olduğunu etiraf edib, lakin onunla qumarla bağlı əlaqəsinin olmadığını deyib.

İş üzrə şahidlərdən bir neçəsi təqsirləndirilən şəxsin lehinə ifadə verib.

Yekunda toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsə qumarxana təşkiletmə və xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma maddələri ilə bəraət verilib. Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs qeyri-qanuni işlə məşğul olduğundan, vergi ödəməməsi həmin fəaliyyətin nəticəsi kimi qiymətləndirilməlidir. Beləliklə, o, ittiham edildiyi üç maddədən 2-si üzrə bəraət ala bilib. Ona qanunsuz sahibkarlıq maddəsi ilə verilmiş ittiham isə tövsif edilib.

Hökmə əsasən, Urfan Quliyev yalnız qanunsuz lotereya və mərc oyunlarının təşkil edilməsində təqsirli bilinib. Bu ittihamla ona 1 il 10 ay 10 gün azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun həbsdə və ev dustaqlığında olduğu müddət də buraya daxil edildiyi üçün cəza çəkilmiş hesab edilib.

Hökm apellyasiya instansiyasında qanuni qüvvəyə minənə kimi U.Quliyev barəsində "başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu iş üzrə təqsirləndirilən şəxsin qohumu Yusif Baqiyev qumarxana təşkilindən 161 milyon manat gəlir əldə etməkdə ittiham edilir. Onun işi üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılır.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->