Xəbər lenti

Faydalı qazıntılarla bağlı sazişin Ukraynaya bir xeyri varmı? (ŞƏRH)
Dünya 15:33 19.04.2025

Faydalı qazıntılarla bağlı sazişin Ukraynaya bir xeyri varmı? (ŞƏRH)

"Bu saziş sadəcə olaraq, ABŞ-ın Ukraynadakı iqtisadi maraqlarının təmin edilməsinə hesablanıb".

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Dövlət Departamentinin mətbuat katibi Temmi Brüsun ABŞ-ın Kiyevlə faydalı qazıntılarla bağlı bağlamağa çalışdığı sazişin Ukrayna münaqişəsinin nizamlanması ilə əlaqəli olmadığı barədə bəyanatını şərh edərkən deyib.
 
Rüstəm Tağızadə bildirib ki, ABŞ-la Ukrayna arasında nadir minerallarla bağlı memorandum imzalanıb:

"Məsələ ondadır ki, Vaşinqton yaranmış vəziyyətdən öz maraqları naminə istifadə etmək istəyir. Bununla bağlı proses əvvəlki ABŞ adminstrasiyası dövründə də mövcud olub. ABŞ istəyir ki, Ukraynada fond yaradılsın və nadir mineral ehtiyatlardan əldə edilən gəlirlər ora yatırılsın. Amma fond ABŞ-ın nəzarəti altında olmalıdır. Onun icazəsi olmadan fondun gəlirlərindən istifadə etmək olmaz".
 


Ekspert qeyd edir ki, bu prosesin Ukraynada sülh prosesilə müəyyən dərəcədə əlaqəsi olsa da, tam bağlılığı yoxdur:

"Ukraynanın hazırda işğal altında olan şərq torpaqlarında da mineral maddələr var. Ona görə ABŞ bu məsələni Rusiya ilə də müzakirə etməlidir. Bu proseslərdən dolayı Rusiya ilə ABŞ arasında da mineral maddələrlə bağlı danışıqlar aparılacaq. Məsələnin digər tərəfi odur ki, ABŞ Ukraynada öz marağına cavab verən hakimiyyətin olmasını istəyir. Kreml də bunu istəyir. İndiki halda ABŞ-ın əsas istəyi odur ki, tezliklə atəşkəs imzalansın. Atəşkəs isə dondurulmuş münaqişə prinsipinə əsaslanır və Ukraynanın suverenliyi üçün yaxşı heç nə vəd etmir".

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus "Fox News"a açıqlamasında ABŞ-ın Kiyevlə faydalı qazıntılarla bağlı bağlamağa çalışdığı sazişin Ukraynadakı münaqişənin nizamlanması prosesilə bağlı olmadığını dilə gətirib:

"Bu, ayrı bir şeydir. Bu, atəşkəs danışıqlarının bir hissəsi deyil. Bu, bu fəlakəti dayandıracaq razılaşmanın bir hissəsi də deyil".

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->