Xəbər lenti

Trampı imtina ilə bağlı son açıqlamasına vadar edən nədir? (TƏHLİL)
Dünya 17:23 19.04.2025

Trampı imtina ilə bağlı son açıqlamasına vadar edən nədir? (TƏHLİL)

Deyəsən Tramp adminstrasiyası artıq Ukrayna böhranını sülh yolu ilə aradan qaldırmağın çətinliyini dərk etməyə başlayıb. ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər tərəflərdən biri danışıqlar prosesini çətinləşdirərsə, administrasiya Ukrayna böhranının sülh yolu ilə həlli cəhdlərindən imtina edəcək.

"Ola bilər ki, hansısa səbəbdən iki tərəfdən biri bunu çox çətinləşdirəcək - o zaman biz sadəcə deyəcəyik: "Siz axmaqsınız, siz ağılsızsınız, siz dəhşətli insanlarsınız". Biz sadəcə bundan imtina edəcəyik. Amma ümid edirəm ki, bunu etməyə ehtiyac olmayacaq", deyə Tramp bildirib.

Trampın bu açıqlamasından bir gün öncə dövlət katibi Marko Rubio da anoloji açıqlama ilə çıxış edib. 

Deməli, Ağ Ev həll prosesinin asan başa gəlməyəcəyini anlamağa başlayıb. 

Digər tərəfdən, Trampın bu hədəsi tərəflərə atəşkəs barədə razılığa gəlmək üçün təzyiq göstərmək vasitəsi sayıla bilər. Bu fonda da həmin açıqlamanın daha çox Ukraynaya ünvanlandığını düşünmək lolar. Çünki burada zəif həlqə Ukraynadır. Rusiya ilə müqayisədə onu ram etmək daha asandır. 

Lakin ABŞ Prezidentinin həmin açıqlamasında başlıca amil heç də bu deyil. Artıq Trampın hakimiyyətə gəlişinin 100 günü yaxınlaşmaq üzrədir. Tramp isə verdiyi vədin əksinə olaraq, hələ də Ukrayna münaqişəsinə son qoya bilməyib. Yəni Tramp işin öhdəsindən gələ bilmir. Bu isə yaxın dövrdə ona qarşı bu istiqamətdə ünvanlanan sualların artması və kəskinləşməsinə səbəb ola bilər. 

Həmin vəziyyət isə istər-istəməz Trampın formalaşan imicinə mənfi təsir göstərəcək. Belə ki, Trampın, cəmiyyətdə verdiyi sözün öhdəsindən gələ bilməyən, sadəcə oyun oynayan lider obrazı formalaşacaq. Tramp da bunu gördüyündən Ukrayna barədə yuxarıda qeyd edilən açıqlamaları verməklə əslində özünü sığortalamağa, təmizə çıxarmağa çalışır. Ona görə də açıqlamalarında hər zaman məsuliyyəti əvvəlki Bayden adminstrasiyasının, Ukrayna və qismən də Rusiyanın üzərinə atır.

Bu bəyanat həm də onu göstərir ki, Tramp danışıqları davam etdirib-etdirməmək məsələsində tərəddüd edir. Belədə verdiyi son bəyanatı səsləndirməklə, danışıqlardan çıxmaq məsələsi gündəmə gələrsə, indidən bunun üçün özünə əsas yaradır.   

Atəşkəsdə əsasən Rusiyanın maraqlı olmadığını nəzərə alsaq, Trampın dedikləri Rusiyaya qarşı sərt sanksiyalara başlamaq üçün də bir əsas ola bilər. 

Trampın bu açıqlamanı Amerika nümayəndələrinin Parisdə Fransa rəsmilərilə keçirilən görüşdən sonra verməsi həm də onun göstəricisidir ki, o, Kiyevə dəstək məsələsində Avropa ölkələrinin mövqelərilə ümumən razılaşıb. 

Sonda onu da qeyd edək ki, Vaşinqtonun vasitəçilik rolundan imtina etməsilə Ukraynada onsuz da kövrək olan sülhə nail olmaq perspektivi daha da zəifləyəcək. Çünki digər dövlətlərin bu işin öhdəsindən gəlməsi qeyri-mümkündür. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->