Xəbər lenti

Tələbə krediti fondu, büdcə israfı və kökündən yanlış qurulan sistem - Ekspertin izahı
Ölkə 14:34 19.04.2025

Tələbə krediti fondu, büdcə israfı və kökündən yanlış qurulan sistem - Ekspertin izahı

"Bütün bunlar onu göstərir ki, Təhsil Tələbə Krediti Fondu (TTKF) hazırkı mexanizmlərlə nə sosial, nə də təhsil keyfiyyəti baxımından effektiv deyil”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Təhsil Tələbə Krediti Fondunda (TTKF) ciddi nöqsan və uyğunsuzluqların müəyyən edilməsi faktından danışarkən deyib. 

Ekspert bildirib ki, Təhsil Tələbə Krediti Fondu (TTKF) haqqında Hesablama Palatasının 2025-ci ilin I rübü üzrə apardığı səmərəlilik auditinin nəticələri, ali təhsilin maliyyələşdirilməsi sahəsində ciddi sistem problemlərinin və idarəetmə çatışmazlıqlarının olduğunu bir daha təsdiqləyir:



"Audit nəticələri təkcə texniki və hüquqi uyğunsuzluqları deyil, həm də dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməməsi, məqsədli sosial siyasətin həyata keçirilməməsi və gələcəkdə təkrar olunacaq maliyyə riskləri ilə bağlı ciddi xəbərdarlıqdır. İlk olaraq, kredit verilməsində "rifah yanaşması” əvəzinə "kateqoriyalı yanaşmanın” tətbiq olunması struktur baxımından səhv mexanizmdir. Əhalinin rifah göstəricilərini qiymətləndirmədən yalnız müəyyən sosial kateqoriyaya daxil olma faktı əsasında təhsil krediti vermək, nəticədə vəsaitlərin real ehtiyac əsasında deyil, formal şərtlərlə paylanmasına gətirib çıxarır. Bu yanaşma sosial ədalət prinsipini pozur və dövlət dəstəyini məqsədindən uzaqlaşdırır”. 

Kamran Əsədov hesab edir ki, daha ciddi məsələlərdən biri də sosial kreditlər üzrə ÜOMG-nin cəmi 51 bal kimi aşağı müəyyən edilməsidir:

"Bu zəif təhsil nəticələrinə malik tələbələrin də imkandan istifadə etməsinə səbəb olub. Halbuki dövlət vəsaiti ilə verilən təhsil krediti yalnız sosial deyil, eyni zamanda akademik təşviq aləti olmalı idi. Standart kreditlər üçün bu göstəricinin 71 bal olması sosial kreditlərdəki 20 ballıq fərqi əsaslandırmaq üçün yetərli mexanizm olmadığını göstərir. Təhsil krediti özündə keyfiyyət və məsuliyyət daşımalı olan bir investisiyadır, yalnız imtiyazla deyil, keyfiyyət göstəriciləri ilə müşayiət olunmalıdır. Bundan əlavə, auditin aşkarladığı 32 tələbənin normadan aşağı nəticə ilə standart kredit alması, vəsaitlərin qanunsuz istifadəsi və hüquqi aktların pozulması deməkdir. Bu hallar ya daxili nəzarət sisteminin olmamasını, ya da qəsdən göz yumulmuş pozuntuların olduğunu göstərir. Belə nümunələr TTKF-nin funksional səmərəliliyini kökündən sual altına qoyur. Digər problem isə müvəkkil bankların kreditləri tələb olunan sənədlər təqdim olunmadan rəsmiləşdirməsidir”. 



Kamran Əsədov deyir ki, bu fakt bank sektorunda da məsuliyyətsizliyin və TTKF-nin nəzarət mexanizmlərinin zəifliyinin əlamətidir:

"Bu prosesin şəffaf və sənədlərlə təsdiq olunmuş əsaslarla aparılmaması gələcəkdə vəsaitlərin geri qaytarılmasında hüquqi problemlər yaradacaq. SAT imtahanı ilə ali məktəblərə qəbul olunmuş tələbələrin sistemdən kənar qalması isə müasir qlobal reallıqlarla uyğunluq problemi yaradır. Fondun qaydalarının beynəlxalq qəbul formaları və alternativ qiymətləndirmə metodlarını nəzərə almaması ali təhsildə qloballaşmaya uyğunlaşmayan milli maliyyələşdirmə sisteminin göstəricisidir”.

Ekspertin sözlərinə görə, xüsusilə narahatlıq doğuran digər məqam isə 60 yaşdan yuxarı, o cümlədən pensiya yaşında olan şəxslərə 13 təhsil kreditinin verilməsidir:

"Təhsil hüququ istisnasızdır, amma bu kreditlərin gələcəkdə geri qaytarılmasına dair risklərin nəzərə alınmaması, kredit siyasətinin iqtisadi dayanıqlılığını sual altına alır. Fond kommersiya deyil, sosial yönümlü olsa da, dövlət vəsaiti ilə işləyən qurum olaraq minimal geri dönüş risklərini qiymətləndirməlidir. İdarəetmə ilə bağlı ortaya çıxan problemlər - himayəçilik şurasının fəaliyyətsizliyi, kənar auditin olmaması, müvəkkil bankların razılaşdırılmadan seçilməsi sistemin şəffaflıq və hesabatlılıq prinsipinə zidd olduğunu göstərir. Bu isə vəsaitlərə ictimai nəzarətin mümkün olmaması deməkdir. Nəhayət, investisiya cəlbi funksiyasının icra edilməməsi, fondun yalnız dövlət vəsaiti ilə fəaliyyət göstərdiyini, özünü maliyyələşdirmə mexanizmlərinin işlək olmadığını göstərir. Halbuki təhsil kredit fondları dünyada həm dövlət dəstəyi, həm də kommersiya əsaslı investisiya mexanizmləri ilə işləyir”.



Ekspert struktur islahatlara, hüquqi bazanın yenidən qurulmasına, vəsaitlərin verilməsi və idarə olunmasında şəffaflığın təmininə və kreditlərin akademik nəticəyə bağlı verilməsinə ehtiyac olduğunu hesab edir:

"Əks halda, təhsil krediti fondu əslində təhsili təşviq edən deyil, dövlət büdcəsindən vəsaitin səmərəsiz istifadəsinə şərait yaradan bir qurum olaraq qalacaq”.

Qeyd edək ki, Hesablama Palatasının bülleteninin 2024-cü il üzrə Təhsil Tələbə Krediti Fondunun (TTKF) fəaliyyəti ilə bağlı həyata keçirilmiş səmərəlilik auditi nəticəsində qurumun kreditləşmə mexanizmlərində ciddi nöqsanlar və uyğunsuzluqlar müəyyən edib.

Sənədə əsasən, 2021-ci ildə təsdiqlənmiş qaydalarda sosial təhsil tələbə kreditlərinin verilməsi zaman rifah göstəricilərindən daha çox "kateqoriyalı yanaşma" tətbiq edildiyi üçün Fondun fəaliyyəti müəyyən olunmuş məqsədlərə uyğun olmayıb.

Bundan başqa, sosial kredit üçün ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) aşağı (51 bal) müəyyən olunması, bu kreditlərdən istifadə edən tələbələrin zəif təhsil nəticələri göstərməsinə şərait yaradıb. Halbuki standart kreditlərdə bu göstərici 71 bal olaraq müəyyən edilib.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->