NASA-nın aerokosmik təhlükəsizlik üzrə müşavirə qrupunun (ASAP) 17 aprel tarixində keçirilən açıq iclasında iştirak edən rəsmi şəxslər Beynəlxalq Kosmik Stansiyanın (BKS) təhlükəsizlik səviyyəsinin azalması ilə bağlı "dərin narahatlıq" keçirdiklərini bildiriblər.
Qaynarinfo xəbər verir ki, "Interesting Engineering" nəşrinin məlumatına görə, NASA uzun müddətdir stansiyada çatların yaranması və hava sızması hallarından narahatdır. Mütəxəssislər stansiyanın fəaliyyətinin mərhələli şəkildə dayandırılmasını təmin etmək və orbitdən planlaşdırılmamış çıxışın qarşısını almaq məqsədilə maliyyələşmənin artırılmasına çağırıblar.
"BKS mövcudluğu ərzində ən riskli mərhələyə daxil olub", deyə müşavirə komissiyasının üzvü Riç Uilyams bildirib. O, stansiya üçün "artmaqda olan risklərin" mövcud olduğunu vurğulayıb.
Daha əvvəl NASA, BKS-i 2030-cu ilə qədər orbitdən çıxarmağı planlaşdırırdı. Bu məqsədlə "SpaceX" şirkəti ilə "US Deorbit Vehicle" (USDV) adlı xüsusi cihazın hazırlanması üçün müqavilə bağlanıb.
Lakin "SpaceX" şirkətinin baş direktoru İlon Mask son zamanlar NASA-ya stansiyanı daha tez orbitdən çıxarmağı tövsiyə edib. O bildirib ki, stansiya artıq öz missiyasını başa çatdırıb.
Ən ciddi narahatlıqlardan biri stansiyanın "Zvezda" modulunun tambur hissəsində baş verən hava sızmalarıdır. Təhlükəsizlik qrupu, "SpaceX" tərəfindən hazırlanacaq USDV istifadəyə verilmədən öncə BKS-in orbitdən qəfil çıxmasının böyük fəlakətə səbəb ola biləcəyi barədə də xəbərdarlıq edib. Bu halda, stansiyanın fraqmentləri yaşayış məntəqələrinə düşə bilər.
"Əgər BKS USDV göndərilməmişdən əvvəl orbitdən çıxarılarsa, stansiyanın qalıqlarının ictimaiyyət üçün təhlükə yaratması dəfələrlə artacaq", deyə Uilyams vurğulayıb.
"SpaceNews"un hesabatına əsasən, NASA ötən il BKS-in istismarı və texniki xidmətinə 993 milyon dollar, ekipaj və yüklərin daşınmasına isə 1,63 milyard dollar vəsait xərcləyib.
Qeyd edək ki, İlon Mask daha əvvəl də BKS-in tezliklə məhv edilməsinə çağırmışdı. O hesab edir ki, ABŞ Marsa uçuşa hazırlaşmağa üstünlük verməlidir. Maskın fikrincə, bu məqsədlə əsas vasitə hazırda sınaq mərhələsində olan Starship kosmik gəmisi olacaq.
Xatırladaq ki, amerikalı astronavtlar Buç Vilmor və Sunita Vilyams texniki problemlər səbəbindən "Starliner" kosmik gəmisində planlaşdırılan səkkiz gün əvəzinə BKS-də doqquz ay qalmaq məcburiyyətində qalıblar.
Aydın
Şərhlər