Xəbər lenti

Deputat İran Prezidentinin Bakıya səfərinin yekunlarını şərh etdi
Siyasət 11:55 29.04.2025

Deputat İran Prezidentinin Bakıya səfərinin yekunlarını şərh etdi

"Məsud Pezeşkianın bu səfəri İran-Azərbaycan münasibətlərində yeni səhifə açır".

Bunu "Qaynarinfo"ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə İran Prezidenti Məsud Pezeşkianın (Masoud Pezeshkian) Bakıya səfərinin yekunlarını şərh edərkən deyib.

Aydın Mirzəzadə bildirib ki, bu, dövlət başçısı kimi Məsud Pezeşkianın Azərbaycana ilk səfəridir. Səfər ərəfəsində o, Azərbaycanla münasibətləri dərinləşdirməklə bağlı çoxsaylı bəyanatlar verib:

"Bakıda mətbuat qarşısında çıxışında bunu bir daha təsdiq etdi. Azərbaycanla İran arasında hər hansı bir anlaşılmazlığın qalmadığı, həmçinin mehriban qonşuluq prinsiplərinin bundan sonra üstün tutulacağı barədə münasibət bildirildi. Azərbaycan belə bir yanaşmanı çoxdan nümayiş etdirir. Azərbaycan daima İranla yaxşı qonşuluq münasibətlərinin olmasına çalışıb. Heç bir zaman anti-İran kampaniyasına qoşulmamışıq. Azərbaycan ərazisinin heç bir halda İrana qarşı istifadə edilməsinə razılıq verməyib. Məhz bunun nəticəsidir ki, İran Prezidenti Azərbaycan Prezidentinə uzaqgörən siyasətinə görə təşəkkür edib. Görünən odur ki, İranın realist siyasi dairələri Azərbaycanın Tehranla yaxşı münasibətlər qurmağı daima gündəmdə saxlamasını yüksək qiymətləndiriblər".
 


Deputatın fikrincə, müxtəlif sahələr üzrə sənədlərin imzalanması onu göstərir ki, tərəflər çoxsaylı sahələr üzrə əməkdaşlıqda maraqlıdır və bu əməkdaşlıq günü-gündən daha da artacaq:

"5 il bundan əvvəl Azərbaycanla İran arasında ticarət dövriyyəsi cəmi 18 milyon dollar idisə, ötən il 700 milyon dollara yaxınlaşıb. Məsud Pezeşkianın bu səfəri münasibətlərimizdə yeni səhifə açır. Səfər bundan sonra iki dövlətin bir-birilə daima ümumi maraqlar axtaracağı, sıx əməkdaşlıq edəcəyi, beynəlxalq birlikdə bir çox məsələlərdə vahid mövqedən çıxış edəcəklərini göstərdi".

Qeyd edək ki, dünən İran Prezidenti Məsud Pezeşkian Azərbaycanda səfərdə olub. Burada o, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlər də imzalanıb.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->