Xəbər lenti

Avropada yaz quraqlığı: Ərzaq təhlükəsizliyi və təchizat zəncirləri risk altında
Dünya 14:10 15.04.2025

Avropada yaz quraqlığı: Ərzaq təhlükəsizliyi və təchizat zəncirləri risk altında

Mərkəzi və Şərqi Avropa ölkələri apreldə gözlənilən yağışlardan məhrum qalıb ki, bu da fermerlər və təchizat zəncirləri üçün ciddi problemlər yarada bilər.

Yazın ortasında Avropanın böyük bir hissəsində yağış çatışmazlığı müşahidə olunur. Ukraynada cəbhə xəttindən tutmuş adətən rütubətli olan Belçikaya qədər bölgələr susuzluqla üz-üzədir.

Qaynarinfo "Politico"ya istinadən xəbər verir ki, erkən başlanmış bu quraqlıq fermerlər və təchizat zəncirləri üçün təhlükə yaradaraq sənaye, ticarət və qlobal ərzaq təhlükəsizliyi üçün mənfi nəticələrə səbəb ola bilər. Bu vəziyyət, Donald Trampın gözlənilməz tarif qərarlarının yaratdığı iqtisadi qeyri-sabitliyi daha da artırır.

Avropa Quraqlıq Müşahidə Mərkəzinin mart ayının ortalarında verdiyi son məlumata əsasən, Polşa, Ukrayna, Yunanıstan, Balkanlar, İsveç, İrlandiya və Almaniyanın bəzi hissələri narıncı "xəbərdarlıq" kateqoriyasına daxil edilib. İspaniyanın cənub-şərq sahilləri isə artıq qırmızı xəbərdarlıq zonasına düşüb.

Alimlər qeyd edirlər ki, quraqlığa su idarəçiliyindəki problemlər də təsir etsə də, əsas səbəblərdən biri insan fəaliyyəti nəticəsində baş verən iqlim dəyişikliyidir. Bu isə qeyri-müntəzəm yağıntılar və daha isti havalarla özünü göstərir və Avropada daha tez-tez və daha şiddətli quraqlıqlara səbəb olur.

Mart ayında qitədə rekord səviyyədə isti hava şəraiti və yağıntının azlığı bu quraqlığı daha da dərinləşdirib. Mərkəzin baş tədqiqatçısı Andrea Toreti bildirib ki, hazırda müşahidə etdiyimiz vəziyyət xüsusilə Mərkəzi və Şərqi Avropada ciddi narahatlıq doğurur: "Bu bölgələrdə yağıntı çatışmazlığı artıq 60-80 gündür ki, yığılıb və proses sürətlənməkdədir. Biz vəziyyəti yaxından izləyirik, çünki proses çox sürətlə inkişaf edir".

Toreti bu ilin vəziyyətini 2018-ci ildə Avropada baş vermiş dağıdıcı quraqlıq öncəsi şəraitə bənzədib. Onun sözlərinə görə, quraqlığın nə qədər ciddi olacağı qarşıdakı həftələrdəki hava şəraitindən asılı olacaq və proqnozlar heç də ürəkaçan deyil:

"Əgər qarşıdakı həftələrdə də yağış yağmasa, kənd təsərrüfatında ciddi təsirlər baş verəcək. Aşağı yağıntı müşahidə edilən bölgələrdə növbəti üç ay üçün iqlim proqnozları da mənfi istiqamətlidir".

Toreti xüsusilə Almaniyada vəziyyətin daha sürətlə pisləşdiyini qeyd edib. Almaniyanın "Helmholtz" Mərkəzinin quraqlıq monitorinqinə görə, ölkənin yarıdan çoxunun torpaq üst qatı "fövqəladə dərəcədə" qurudur. Dərin torpaq qatları nisbətən yaxşı vəziyyətdə olsa da, gənc bitkilər və tinglər üçün əsas olan üst qatın quraqlığı ciddi narahatlıq doğurur.

Qərbi Avropa üçün həyati əhəmiyyət daşıyan Rehn çayında isə su səviyyəsi artıq yay aylarında müşahidə edilən aşağı həddə düşüb. Nəticədə yük daşıyan gəmilər çaydan normaldan az yüklə keçə bilir, bu isə logistika xərclərini artırır və təchizat zəncirlərini yavaşladır.

Belçikada da yağıntı çatışmazlığı ciddi səviyyəyə çatıb. Krallığın Meteorologiya İnstitutuna görə, 1 martdan ötən həftənin çərşənbə axşamına qədər faktiki olaraq 33 gün ərzində yağış olmayıb və Brüsseldə cəmi 7,8 millimetr yağıntı qeydə alınıb. Halbuki orta göstərici 50 mm-dir.

Ən çox təsirlənən ölkələrdən biri olan Polşa və Ukrayna dünyanın aparıcı taxıl ixracatçıları sırasındadır. Alman Meteorologiya Xidməti tərəfindən yayılmış qeyddə kənd təsərrüfatı tədqiqatçısı Klaas Nendel şiddətli quraqlığın nəticəsi olaraq zəif taxıl mövsümünün qlobal taxıl bazarına ciddi təsir göstərə biləcəyini bildirib. O, bölgənin "quraqlıq ili" yaşaya biləcəyini vurğulayıb.

Avropalıların baget və fokaçça ilə bağlı narahatlığı olmasa da, yüksək taxıl qiymətləri qlobal ərzaq təhlükəsizliyini təhdid edir – bu isə ABŞ-ın humanitar yardım kəsintiləri fonunda daha da həssaslaşır.

Quraqlıq həm də meşə yanğınlarının yayılmasını asanlaşdırır. Lixtenşteyn və Avstriyada artıq yanğın təhlükəsi ilə bağlı narahatlıq var. Ukraynada isə bu təhlükə Rusiya raketlərinin qurumuş sahə və meşələrdə yanğına səbəb olması ilə daha da artır.

Bu yaz quraqlığı Avropa Komissiyasına iyun ayında təqdim olunması planlaşdırılan "Su Dayanıqlığı Strategiyası" çərçivəsində əhəmiyyətli tədbirlər görmək üçün təzyiq yaradır. Strategiya, iqlim dəyişikliyi nəticəsində yaranan "çox az və çox çox yağış" problemlərini həll etməyə yönəlmiş əsas sənəd olacaq.

İqlim dəyişikliyinin su dövranını pozması səbəbilə, bu cür ifrat hallar Avropa üçün artan çağırışa çevrilib. Qitənin bir hissəsi quraqlıqla mübarizə apararkən, İspaniyanın Kanar adalarına daxil olan Lansarotedə güclü yağış və daşqınlar səbəbilə fövqəladə vəziyyət elan olunub.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->