ABŞ-da qlobal fəlakət halında elitanın qorunması məqsədilə ümumi dəyəri 21 trilyon dollar olan yeraltı infrastrukturun tikildiyi bildirilir.
Qaynarinfo xəbər verir ki, bu iddia ilə keçmiş ABŞ prezidenti Corc Buşun administrasiyasında mənzil və şəhər inkişafı nazirinin müavini olmuş Ketrin Ostin Fitts çıxış edib.
Onun sözlərinə görə, ölkə ərazisində 170 gizli yeraltı baza yerləşir. Fitts bu barədə Taker Karlsonun podkastında danışıb və "The Independent" bu açıqlamanı ictimailəşdirib.
Fitts iqtisadçı Mark Skidmorun 2017-ci ildə hazırladığı hesabatı əsas gətirir. Həmin hesabatda bildirilir ki, 1998-2015-ci illər arasında ABŞ-ın federal agentlikləri 21 trilyon dollar dəyərində "sanksiyasız xərclər"ə yol veriblər. Bu məbləğin 6,5 trilyon dolları yalnız 2015-ci ildə Pentaqonda qeydə alınmış və təsdiqlənməmiş düzəlişlərə aiddir.
"Ordunun illik büdcəsinin 122 milyard dollar olduğunu nəzərə alsaq, bu o deməkdir ki, bu təsdiqlənməmiş düzəlişlər Konqresin icazə verdiyi xərcləri 54 dəfə üstələyir", deyə hesabatda qeyd olunur.
Fitts bildirib ki, bu məsələni illərdir araşdırır və əldə etdiyi nəticələrə görə, ABŞ-ın müxtəlif bölgələrində yeraltı şəhərlər, infrastruktur və nəqliyyat sistemləri qurulub. Onun sözlərinə görə, bu bazaların bir qismi hətta sualtı ola bilər.
Fitts bazaların yerləri, ölçüləri və kimlərə əlçatan olduğu barədə dəqiq məlumat verməyib. Amma o, bu məkanların "nəsli kəsilməyə səbəb ola biləcək hadisə" zamanı və ya "gizli layihələrin", o cümlədən kosmik proqramların həyata keçirilməsi üçün istifadə oluna biləcəyini bildirib.
Taker Karlson bu bazaların Vaşinqtonda yerləşə biləcəyini və nüvə müharibəsi üçün nəzərdə tutulduğunu ehtimal edib. Fitts isə cavabında deyib: "Qismən bu belədir. Bu, fəlakətə hazırlıqdır".
Qeyd edək ki, ABŞ-da yeraltı sığınacaqların inşasına Soyuq müharibə dövründə başlanılıb. Məqsəd dövlət rəsmilərinin nüvə hücumu zamanı qorunması olub. Ən məşhur obyektlər bunlardır:
Cheyenne Mountain Complex (Kolorado) - nüvə partlayışına tab gətirə bilən hərbi bunker. NORAD tərəfindən istifadə olunur.
Raven Rock (Pensilvaniya) – Pentaqonun yeraltı idarəetmə mərkəzi, "Pentaqon-2” kimi tanınır.
Mount Weather (Virciniya) – fövqəladə hallarda dövlət rəsmilərinin təxliyəsi üçün nəzərdə tutulmuş obyekt.
XXI əsrdə milyarderlər arasında da bunkerlərə maraq artıb. "Vivos” və "Rising S Company” kimi şirkətlər pandemiyalar, texnogen fəlakətlər və ya qlobal münaqişələrə qarşı qorunmaq üçün lüks və avtonom bunkerlər təklif edirlər. Bu sığınacaqlar əsasən ABŞ-ın kənd bölgələrində yerləşir, içməli su, ərzaq, dərman, enerji sistemləri və rabitə vasitələri ilə təchiz olunub və çox vaxt özəl vəsait hesabına dövlət nəzarəti olmadan inşa edilir.
Aydın
Şərhlər