Xəbər lenti

Siyasət 19:02 06.05.2025

"Yeviç Azərbaycana nifrəti ilə seçilən “politoloq”lardandır" - Deputat

"Belə hərəkətlər iki ölkə arasında münasibətlərə ciddi xələl gətirir".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə rusiyalı hərbi təlimatçı Yuri Yeviçin Azərbaycana qarşı növbəti təxribat xarakterli çıxışını şərh edərkən deyib.

"Təəssüf ki, Rusiyanın bir sıra "siyasətçiləri", ictimai-siyasi xadimləri, politloqları tərəfindən Azərbaycana qarşı zaman-zaman böhtan xarakterli bu cür çıxışlar olur. Yeviç əvvəldən Azərbaycana öz nifrəti ilə seçilən "politoloq"lardan biridir. Bu da Rusiyanın Ukraynada həyata keçridiyi işğalçı müharibə səbəbilə bütün dünyanı qarşısına aldığı bir zamanda baş verir. Belə bir dönəmdə Türkiyə və Azərbaycan, əslində, Rusiya üçün nəfəslik rolunu oynayır. Azərbaycan Rusiya ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıb", deyə Arzuxan Əlizadə bildirib.
 


Deputat deyir ki, Azərbaycanın sözü və əməli hər zaman üst-üstə düşür. Amma təəssüf ki, qarşı tərəfdən bu münasibəti görmürük:

"Rusiya rəsmiləri Azərbaycana yönəlik adekvat olmayan fikirləriylə gündəmə gəlirlər. Ölkəmizə qarşı münasibətdə qeyri-səmimi olduqlarını nümayiş etdirirlər. İki gün bundan əvvəl Milli Məclisin deputatı Azər Badamova qarşı da anoloji olayın şahidi olduq. Fevral ayında dövlət Dumasının deputatı Valuyev də Azərbaycana qarşı təhqir dolu ifadələri ilə gündəmə gəlmişdi. Azər Badamov və digər deputatlarımız tərbiyəsiz hərəkətiylə gündəmə gələn Valuyevin fikirlərinə layiqli cavab verdi. Buna görə Azər Badamova qarşı diplomatik etiketdən kənar mövqe sərgilənirsə, bu, bütövlükdə Azərbaycana qarşı hörmətsizlikdir. Dumanın digər deputatı Zatulin, habelə solovyovlar da belə fikirlərlə gündəmə gəlirlər".

Azər Əlizadə qeyd edir ki, Rusiya rəsmiləri Azərbaycana yönəlik bu cür addımların qarşısını almalıdır: 

"Təhqir, böhtan dolu ifadələrlə gündəmə gələn "siyasətçi”, "politoloq” və rəsmi şəxslərin cavabını zamanında verməlidirlər ki, növbəti dəfə belə mövqelər sərgilənməsin. Çünki bunun davam etməsi münasibətlərimizə ciddi xələl gətirir. Azərbaycan dövlətinə qarşı atılan hər hansı bir addım qarşılığını alacaq. Böyük və ya kiçikliyindən asılı olmayaraq, heç bir dövlət ölkəmizə və xalqımıza yuxarıdan aşağı baxa bilməz".

Qeyd edək ki, Rusiyada özünü siyasətçi, politoloq adlandıran bir çoxları hələ də Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqda davam edirlər. Rusiyalı neofaşist, Z-propaqandist və hərbi təlimatçı Yuri Yeviç növbəti dəfə Azərbaycana qarşı təxribat xarakterli çıxışı ilə gündəmə gəlib. O, Rusiyanın "Kursk vilayətini azad etdikdən" sonra növbəti hədəflərinin Kiyev, Baltikyanı ölkələr və Azərbaycan olacağını iddia edib. Yeviçin sözlərinə görə, guya Azərbaycan Rusiyaya hücum etməyə hazırlaşır və bu səbəbdən "önləyici zərbə” zəruridir. Onun planında Polşa və hətta Alyaska da var – o, iddia edir ki, "Alyaskalılar artıq Rusiyanı gözləyir və dəstək verməyə hazırdırlar". Yeviçin son açıqlamaları isə regionda gərginliyi artırmaq cəhdinə hesablanmış addımdır. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->