Futbol tarixində inqilabi bir kəşf edilib: Şotlandiyanın Soluvey-Fört körfəzinə yaxın kənd ərazisində yerləşən bir sahənin dünyanın ən qədim futbol meydanı olduğu üzə çıxıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent" nəşri
məlumat yayıb.
İdman tarixçisi Ged O’Brayenə görə, Dəmfris və Qallouey bölgəsindəki Anvot-Kirk adlı fermada 1600-cü illərdə futbol matçları keçirilib. Bu isə İngiltərədə futbol qaydalarının ilk dəfə yazıya alındığı 1863-cü ildən təqribən iki əsr əvvələ təsadüf edir.
Tarixi sübut kimi göstərilən əsas sənəd ruhani Semüel Rezerfordun həmin dövrdə yazdığı bir məktubdur. Məktubda qeyd olunur ki, insanlar şənbə günləri günorta saatlarında həmin sahədə futbol oynayırdılar. Maraqlıdır ki, Rezerford bu matçların şənbə gününü "pozduğunu" düşünərək, camaata oyunu dayandırmaq üçün sahəyə böyük daşlar qoymağı əmr edib. Bu daşlar bu gün də həmin ərazidə qalmaqdadır.
Ged O’Brayen bildirib:
"Bu, futbol tarixi ilə bağlı indiyə qədər oxuduğum ən mühüm ifadələrdən biridir. Çünki meydançanın dəqiq yeri göstərilir. Mən həmişə düşünürdüm ki, Şotlandiyada yüz illərdir futbola bənzər oyunlar oynanılır. Söhbət kütləvi toqquşmalardan deyil, həqiqi futboldan gedir".
18-ci əsrdə futbol
Torpaqdan götürülən nümunələr üzərində aparılan laboratoriya analizləri, həmin daşların Rezerfordun məktubu ilə eyni dövrə aid olduğunu təsdiqləyib. Bu da göstərir ki, 17-ci əsrdə orada müəyyən qaydalar çərçivəsində təşkil olunmuş futbol oyunları keçirilib. Bu isə təşkilatlanmış futbolun tarixini yenidən yazmaq deməkdir.
Ənənəvi olaraq hesab edilirdi ki, 1600-cü illərdə futbol daha aqressiv və xaotik formada oynanılırdı - onlarla insan bir donuz başından hazırlanmış topun arxasınca bütün şəhər boyu qaçırdı. Lakin Rezerfordun məktubu göstərir ki, Şotlandiyanın kənd ərazisində daha sistemli, hətta planlı formada oyunlar keçirilirdi. İnsanlar şənbə günü oynayır, bazar ertəsi işə getməyə hazırlaşırdılar.
1775-ci ildə Londonun Strand şəhərində futbol oynayan bir qrup kişi
Şotlandiya Futbol Muzeyinin qurucusu olan O’Brayen bu meydançanı belə təsvir edib:
"Bu, müasir beynəlxalq futbolun ulu babasıdır. Və o, Şotlandiyadandır".
Əgər bu kəşf əlavə tədqiqatlarla təsdiqlənərsə, futbolun inkişafı tarixi yenidən yazıla bilər və Şotlandiyanın beynəlxalq futbolun formalaşmasındakı rolu daha aydın görünər.
O’Brayen əlavə edib:
"1872-ci ildə beynəlxalq futbol başladığı an, Şotlandiya klubları İngiltərə komandalarını darmadağın edirdilər. Bu, təəccüblü deyil, çünki onlar İngiltərədən 200 il qabaqda idilər".
Aydın
Şərhlər