Ukrayna hərbçiləri Rusiya ordusunda vuruşan iki Çin vətəndaşını əsir götürüblər.
Qaynarinfo xəbər verir ki, bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında yazıb.
Prezident qeyd edib:
"Ukrayna hərbçiləri Donetsk vilayətində Rusiya ordusunun tərkibində döyüşən iki Çin vətəndaşını əsir alıblar. Əsir götürülən şəxslərin sənədləri, bank kartları və şəxsi məlumatları Ukrayna tərəfinin əlindədir.
Məlumata görə, Rusiya hərbi birləşmələrində döyüşən Çin vətəndaşlarının sayı iki nəfərlə məhdudlaşmır – belə halların daha çox olduğu ehtimal edilir. Hazırda bu faktlarla bağlı araşdırma aparılır. Məsələ ilə kəşfiyyat, SBU (Ukrayna Təhlükəsizlik Xidməti) və Silahlı Qüvvələrin aidiyyəti bölmələri məşğuldur”.
Ukrayna Prezidenti bildirib ki, o, xarici işlər nazirinə dərhal Pekinlə əlaqə saxlayaraq bu məsələyə Çinin necə reaksiya verəcəyini aydınlaşdırmağı tapşırıb.
Onun sözlərinə görə, "Rusiyanın bu müharibəyə Çini də – birbaşa və ya dolayısı ilə – cəlb etməsi Putinin müharibəni bitirmək niyyətində olmadığının açıq göstəricisidir. O, bu savaşı necə davam etdirə biləcəyini axtarır. Bu isə mütləq reaksiya tələb edir – ABŞ-ın, Avropanın və sülh istəyən bütün ölkələrin reaksiyasını”.
Əsir götürülən Çin vətəndaşları hazırda Ukrayna Təhlükəsizlik Xidmətinin nəzarətindədir. Onlarla bağlı istintaq və operativ tədbirlər davam etdirilir.
Alpər
Şərhlər