Xəbər lenti

ABŞ Ukraynaya təzyiq göstərir, lakin Rusiyadan heç nə tələb etmir -
Dünya 13:18 19.04.2025

ABŞ Ukraynaya təzyiq göstərir, lakin Rusiyadan heç nə tələb etmir - "Axios"

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya atəşkəslə bağlı təzyiq göstərir, amma Rusiya mövqeyinə təsir etmək üçün heç bir addım atmır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Axios" öz mənbələrinə – amerikalı və avropalı rəsmilərə istinadla yazır.

Mənbələrin sözlərinə görə, prezident postuna keçdikdən sonra 24 saat ərzində Ukraynada sülh yaradacağına söz vermiş Tramp danışıqların uzanmasından narazıdır və bu səbəbdən ABŞ-ın bu prosesdəki rolundan imtina etməyə hazırdır. Qeyd olunur ki, Tramp özəl söhbətlərdə də danışıqların nəticəsizliyindən məyusluğunu ifadə edib.

Amerikalı rəsmilərdən biri bildirib ki, əgər yaxın zamanda razılıq əldə olunmasa, Tramp xarici siyasətdə diqqətini başqa istiqamətlərə yönəldə bilər.
ABŞ dövlət katibi Marko Rubionun atəşkəslə bağlı dedikləri belə səslənib: "Bilməliyik ki... bir neçə gün ərzində bunu qısa müddətdə reallaşdırmaq mümkündürmü?”

Avropalı diplomatlardan biri əlavə edib ki, Rubio bu istiqamətdə konkret plan təqdim etməyib, sadəcə ABŞ-ın sürətli irəliləyiş gözlədiyini deyib.
Digər iki avropalı diplomat isə bildirib ki, Rubionun sözləri Trampın səbir kasasının dolduğunu və yaxın vaxtda razılıq əldə olunmasa prosesdən çıxacağını göstərir.

Üstəlik, üç avropalı diplomat vurğulayıb ki, Rubionun dedikləri əsasən Ukraynaya yönəlib. Ukrayna hökumətinə yaxın bir mənbə də təsdiqləyib ki, bu bəyanatlar Kiyevə təzyiq üçün edilib. Mənbə eyni zamanda ABŞ Prezidentinin danışıqlardan çıxmasının Ukraynaya hərbi yardımın dayandırılmasına səbəb ola biləcəyindən narahatlığını ifadə edib.

Avropalı diplomatların sözlərinə görə, Parisdə keçirilən görüşlər zamanı Rubio Rusiyaya qarşı təzyiqin artırılması məsələsini gündəmə gətirməyib.
Məqalədə bir diplomatın belə deməsi sitat gətirilir: "Elə təsəvvür yaranırdı ki, Rubio və Vitkoff Trampın böyük təzyiqi altındadır və bu təzyiqi digər oyunçulara ötürməyə çalışırlar”.

"Axios"un yekun nəticəsi belədir:

"Ukrayna Trampın 30 günlük atəşkəs planını dərhal qəbul etdi, lakin Rusiya bu təklifə tələsmədi. Rusiya döyüş meydanında üstünlükdə olduğunu düşünür və buna görə də hər hansı sülh sazişi üçün öz şərtlərini irəli sürür. Bu səbəbdən, Kremlin Trampın diplomatik səylərdən imtina etməsindən ciddi narahat olacağı inandırıcı görünmür”.

Bundan əvvəl Reuters yazmışdı ki, ABŞ-ın danışıqlardan çıxması Ukraynada sülh ümidlərini puça çıxara bilər. ABŞ rəsmilərindən biri bildirmişdi ki, Rubionun son açıqlamaları Trampın məyusluğunu və bu müharibənin şəxsən onunla assosiasiya olunacağına dair narahatlığını əks etdirir.

Digər tərəfdən, ABŞ Dövlət Departamenti Rusiyadan müharibəni dayandırmağa hazır olub-olmaması ilə bağlı cavab tələb edib. Dövlət Departamenti qeyd edib ki, amerikalı rəsmilər Parisə "qan tökülməsini dayandırmaq üçün Rusiya-Ukrayna müharibəsinə son qoymağın yollarını tapmaq məqsədilə” yollanıblar.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->