Ukrayna və ABŞ iqtisadi tərəfdaşlıq sazişinə doğru atılan addım olaraq bir memorandum imzalayıblar.
Qaynarinfo xəbər verir ki, sənədin tam mətnini Ali Radanın deputatı Yaroslav Jeleznyak yayımlayıb.
Onun sözlərinə görə, bu memorandum "gələcək niyyətlərə dair açıq bir bəyannamədir”. Burada yalnız bir abzas xüsusilə önəm daşıyır.
Memorandumun mətnində qeyd olunur ki, ABŞ:
Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğalından sonra Ukraynaya əhəmiyyətli maliyyə və maddi dəstək göstərib;
azad, suveren və təhlükəsiz Ukraynaya sərmayə qoymaq istəyir;
Ukraynada uzunmüddətli sülhə və iki xalq və hökumət arasında uzunmüddətli tərəfdaşlığa nail olmağa çalışır;
Ukraynanın, dünyanın üçüncü ən böyük nüvə arsenalından könüllü imtina etməklə beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə verdiyi töhfəni tanıyır;
iqtisadi tərəfdaşlıq çərçivəsində Ukrayna ilə birlikdə Bərpa Sərmayə Fondu yaratmaq niyyətindədir;
11-12 aprel tarixlərində Vaşinqtonda Bərpa Sərmayə Fondunun yaradılması üzrə sazişin yekunlaşdırılması məqsədilə son dərəcə məhsuldar texniki məsləhətləşmələr aparıb;
Ukraynanın Avropa İttifaqına üzvlük prosesi çərçivəsindəki öhdəlikləri və beynəlxalq maliyyə institutları ilə digər rəsmi kreditorlar qarşısındakı öhdəlikləri ilə ziddiyyətlərin qarşısını almaq niyyətinə hörmətlə yanaşır.
Bununla əlaqədar olaraq, Ukraynanın baş naziri Denis Şmıqal gələn həftə ABŞ-ın maliyyə naziri Bessentlə görüşmək üçün Vaşinqtona səfər edəcək. Gözlənilir ki, həmin zaman Bərpa Sərmayə Fondunun yaradılması üzrə sazişin texniki detalları üzrə müzakirələr tamamlanacaq. Danışıqlarda irəliləyişlə bağlı hesabatın 26 aprelədək təqdim olunması və sazişin tezliklə imzalanması planlaşdırılır.
Sənəddə deyilir: "Amerika Birləşmiş Ştatları Hökuməti və Ukrayna Hökuməti bu Niyyətlər Memorandumunu Bərpa Sərmayə Fondunun yaradılması yolu ilə iki xalq arasında iqtisadi tərəfdaşlıq sazişinin bağlanması üçün zəruri sənədləşmənin tezliklə yekunlaşdırılması məqsədilə imzalayır”.
Aprelin 17-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna ilə faydalı qazıntıların hasilatı üzrə saziş artıq gələn həftə imzalanacaq.
"Bizim faydalı qazıntıların hasilatına dair sazişimiz var, düşünürəm ki, o, gələn cümə axşamı (24 aprel) imzalanacaq. Yaxın vaxtlarda. Biz bununla bağlı razılığa gəlmişik”, – deyə Tramp bildirib.
Əvvəlcə ABŞ Dövlət Departamentinin sözçüsü Georgi Tixi bəyan edib ki, Ukrayna və ABŞ faydalı qazıntılar üzrə sazişin imzalanmasına yaxınlaşıblar. Onun sözlərinə görə, ötən həftə Vaşinqtonda keçirilən danışıqlar "konstruktiv və pozitiv” şəraitdə keçib.
Alpər
Şərhlər