ABŞ Prezidenti Donald Tramp hələ də Ukrayna müharibəsində qələbə qazana bilər, lakin bunun üçün Rusiya lideri Vladimir Putinə təzyiq göstərməsi lazımdır, ona "yaltaqlanması” yox.
Qaynarinfo xəbər verir ki, bu fikri The Hill-ə açıqlamasında Atlantika Şurasının elmi əməkdaşı Daniel Frid
səsləndirib.
O, eyni zamanda vurğulayıb ki, hazırda ABŞ administrasiyasının ritorikası Ukrayna ilə Rusiya arasında məsuliyyəti bərabər şəkildə bölüşdürür – baxmayaraq ki, Moskva Trampın əvvəlki atəşkəs təklifini rədd etmişdi.
"Düzü, Rubionun bəyanatları məni çaşdırdı, çünki o, irəliləyişin pozulmasına görə həm Rusiyanı, həm də Ukraynanı eyni dərəcədə günahlandırmış kimi görünürdü. Halbuki bu prosesin dayanmasına görə məsuliyyət yalnız Rusiyanın üzərindədir. Yalnızca Rusiyanın”, – deyə Frid bildirib.
Ekspertin fikrincə, indi Tramp üçün Rusiyaya təzyiq göstərməyin ən münasib zamanıdır, xüsusilə də qlobal iqtisadiyyatla bağlı narahatlıqları nəzərə alaraq:
"Neftin qiyməti tənəzzül qorxularına görə aşağıdır; Rusiyanın iqtisadi vəziyyəti isə daha da zəifləyib. Bunu dəyərləndir, oğlan! Tanrıların hədiyyəsidir... Onlar əziyyət çəkirlər. Elə isə onlara göstərin ki, bunu bilirik və konkret hərəkət planları təklif edin və ya onların enerji sahəsindəki zəif nöqtələri barədə məlumatlar yayaraq, onları ciddi şəkildə təzyiq altında saxlayın”.
Fridin sözlərinə görə, Trampın müharibədə qələbə qazandığını elan etmək üçün böyük imkanı var, lakin bunun üçün Putinə daha güclü təzyiq göstərməlidir.
Əgər onun razılaşması atəşkəsin əldə olunmasını, Ukraynanın təhlükəsizliyinin təmin edilməsini və Avropanın bu təhlükəsizliyə cəlb olunmasını əhatə etsə, Tramp bu zaman "ikiqat qələbə”ni elan edə bilər.
"Amma bunun üçün o, Putinə qarşı durmalı, ona yaltaqlanmaqdan və ya Vitkofu ora gül dəstələri ilə göndərməkdən əl çəkməlidir”, – deyə Frid əlavə edib.
Daha əvvəl UNİAN xəbər vermişdi ki, Marko Rubio ABŞ-ın artıq Ukrayna müharibəsindən yorulduğuna işarə edib. "Hər kəsə xatırlatmaq vacibdir ki, Ukraynadakı müharibə dəhşətli bir şeydir, lakin bu, bizim müharibəmiz deyil. Biz onu başlamamışıq. ABŞ üç ildən artıqdır ki, Ukraynaya kömək edir və istəyirik ki, bu, nəhayət bitsin”, – deyə o bildirib.
Bundan başqa, CNN Rubionun bu bəyanatının nə anlam daşıdığını izah edib. Adı açıqlanmayan bir ABŞ rəsmisinin sözlərinə görə, Rubio bu barədə danışarkən "ABŞ-ın danışıqlardan uzaqlaşdığını və qarşıdakı bir neçə günün proseslərin hansı istiqamətə yönələcəyini anlamaq baxımından mühüm olduğunu” nəzərdə tutub.
Alpər
Şərhlər