Talassemiyalı uşaqlar üçün toplanmış təxminən bir milyon manatı dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın məhkəməsi davam edir.
Qaynarinfo xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilir.
Zərərçəkənlərin demək olar hamısı Talassemiya Mərkəzində uşaqların müalicəsi ilə məşğul olan Akif hoca tərəfindən Aynur Bayramovaya yönləndirildiklərini, pulu da ona verdiklərini, Aynur Bayramova isə pulları yığıb Nuridə Seyidovaya təhvil verdiyini bildirir. Bəzi zərərçəkənlər isə bildirirlər ki, onlar Gömrük Hospitalında çalışan cərrah-transplantoloq Mircəlal Kazımiyə yönləndiriliblər.
Aprelin 23-də davam edən məhkəmə iclasında təqsirləndirilənlərin və zərərçəkənlərin vəsatəti əsasında əlavə şahid kimi dəvət olunmuş Talassemiya Mərkəzinin keçmiş baş həkimi Xuraman Cəfərova dindirilib. O, bildirib ki, 2012-ci ildən 2022-ci ilədək Mərkəzdə həkim kimi çalışıb. 2022-ci ildə qısa müddət Mərkəzin baş həkimi olub. Təqsirləndirilən şəxslərdən yalnız Aynur Bayramovanı tanıyır:
"Mərkəzə kuryer kimi gəlirdi. Türkiyədən gələn Akif hocaya əməliyyat üçün qeydiyyata aldığı xəstələrin siyahısını gətirirdi. 2022-ci ilin avqustunda bir xəstənin valideynindən eşitdim ki, Aynur Bayramovanın çalışdığı şirkətin vasitəsiylə uşağı əməliyyata göndərmək istəyir. Dedim onlara qətiyyən pul verməsin. Rəhbərliyimizə xəbər verdim, Aynur Bayramovanın Mərkəzə girişinin qarşısı alındı. Akif hoca professordur, 2009-cu ildən Türkiyədəki "Medical Park"a göndərilən xəstə uşaqları əməliyyat edir. İldə 3-4 dəfə Bakıya gəlir, Mərkəzdə həmin uşaqların müayinələrini aparır".
Keçmiş baş həkimin dediklərinə məhkəmə zalında əyləşmiş zərərçəkənlərdən birinin reaksiyası belə olub: "O boyda xəstəxanada hansısa bir hoca oturub, bu boyda işlər görüb, 36 xəstə uşağın valideynindən bu boyda pullar alınlb, siz isə deyirsiniz ki, heç nədən xəbərim olmayıb? Axı bunu görməmək mümkün deyildi".
Xuraman Hacıyeva bildirib ki, heç nədən xəbəri olmayıb. Təqsirləndirilən Aynur Bayramova isə məhkəməyə keçmiş baş həkimin yalan danışdığını deyib:
"Necə yəni xəbərim yox idi? Bəs orda o boyda otaqda otururdum, xəstə uşaqlara şirkətin adından hədiyyələr paylayırdım, hansı ki, o uşaqlarla kənardan heç təmasa girmək olmazdı. Hər gün gəlib-gedirdim. Türkiyəyə göndərmək üçün bir uşağın qan nümunəsini də mənə vermisən".
Xuraman Cəfərovanın cavabı belə olub: "Bəli, möhtərəm hakim, bir dəfə bu mənə zəng etdi, dedi ki, bir uşağın təcili qan analizi götürülməlidir. Xahiş etdiki, qan nümunəsini götürüm, verim mühafizəçiyə, gecə yoldaşı gəlib ondan götürsün. Mən isə dedim rəhbərliyə müraciət elə, qoy mənə rəhbərlik tapşırsın. Rəhbərlik tapşırandan sonra qan nümunəsini götürüb mühafizəçiyə vermişdim".
Məhkəmə tərkibindəki hakim Şəlalə Həsənova Aynur Bayramovanın Mərkəzə sərbəst girişi məsələsinə daha ətraflı aydınlıq gətirilməsinə çalışıb: "Gəlin belə danışaq. İndi mən durub Mətkəzə getsəm, heç qapıdan içəri buraxmazlar. Tibbi qaydalara görə düz də edərlər. Bəs necə olur ki, Mərkəzlə heç bir əmək müqaviləsi olmayan, aidiyyəti olmayan Aynur Bayramova əlini-qolunu sallayaraq, o qapıdan istədiyi vaxt o başa gedib, bu başa gəlib, Mərkəzin xəstələrini əməliyyat etdirmək üçün adamlardan pul toplayıb, Mərkəzin xəstəsinin qan nümunəsini götüzdürür, buna görə xəstənin ailəsindən pul alır, əməliyyat adıyla yenə pul alır, siz də deyirsiz heç nədən xəbərim olmayıb".
Xuraman Cəfərova: "Xəbərim olmayıb. Bunlar məndən əvvəlki baş həkimlərin vaxtında olub. Mən Aynurun xəstələrin valideynlərinə pulun bir hissəsini ailə, bir hissəsini hansısa xeyriyyəçi təşkilat ödəmək şərtilə uşaqları əməliyyata göndərmək təklifini eşidəndə onun Mərkəzə girişini qadağan eləmişəm".
Sonra məhkəmə əlavə şahid qismində Gömrük Hospitalının cərrahı Mircəlal Kazımini dindirib. O, bildirib ki, çalışdığı hospitalın Nuridə Seyidovanın rəhbəri olduğu şirkətlə müqaviləsi olub:
"İki il əvvələdək qaraciyər köçürülməsi əməliyyatı tibbi sığorta paketinə daxil deyildi. Belə əməliyyatlar ya iş adamları, ya da ayrı-ayrı xeyriyyə təşkilatlarının hesabına həyata keçirilirdi. Xəstəxanamızın belə təşkilatlardan biri olan Nuridə xanımın təşkilatı ilə müqaviləsi var idi. Həmin təşkilatın göndərişi ilə xəstəxanada beş xəstəyə qaraciyər köçürülüb, bir xəstənin isə müayinəsi aparılıb. Ancaq heç birinin pulu xəstəxanaya köçürülməyib".
Hakim Şəlalə Həsənova: "Burda bir zərərçəkmiş var. Pul köçürülmədiyinə görə həyat yoldaşı dünyasını dəyişib. Mən sizdən hakim kimi yox, bir vətəndaş olaraq soruşuram.: Nəyə görə zərərçəkmiş Kamil Əhmədovun həyat yoldaşı pul olmadığına görə ölməlidir?"
Mircəlal Kazımi: "Bu sualın cavabı məndə deyil. Bu sualın cavabını özünüz də yaxşı bilirsiz. Sizin dediyiniz qlobal məsələdir. Təkcə zərərçəkən Kamil Əhmədovun başına gələn məsələ deyil. Bayaq da dediyim kimi, o vaxt qaraciyər köçürülməsi əməliyyatı tibbi sığorta paketinə daxil deyildi, belə əməliyyatların keçirilməsinə ya da hansısa iş adamı, xeyriyyəçi. Mənim öz anam təcili əməliyyat olundu, biz də eyni halla qarşılaşdıq. Təəssüf ki, Nuridə Seyidovanın təşkilatı üzərinə götürdüyü ödənişi etmədi, nəticədə Kamil Əhmədovun həyat yoldaşı həyatını itirdi. Bu isə mənə aid bir məsələ deyil. Mən cərraham. Sadəcə, xəstənin adamları məndən soruşublar pulu hardan tapa bilərik, mən də həmin təşkilatı xeytiyyəçi kimi tanıdığım üçün demişəm gedin onlara müraciət edin".
Hakim Azad Məcidov bildirib ki, Mircəlal Kazımi ilə bağlı Baş Prokurorluğa sorğu göndərəcək ki, ataşdırma aparılsın. Hakim həmçinin bildirib ki, Gömrük Hospitalı Nuridə Seyidovanın rəhbəri olduğu "Urmedhelp" MMC-yə qarşı 245 min manatlıq iddia qaldırıb. Məhkəmə iddianı təmin edib.
Şahid dindirməsi başa çatdıqdan sonra hakim növbəti məhkəmə iclasını aprelin 28-nə təyin edib.
Talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Esmira Cavadova
Şərhlər