Bu gün İstanbulda ən böyüyü 6,9 bal gücündə olan ardıcıl zəlzələlər baş verib. Bundan sonra ən böyüyü 5.9 olan 51 afterşok qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, professor, Dr. Süleyman Pampal verdiyi açıqlamada Mərmərə bölgəsində gözlənilən böyük zəlzələ ilə bağlı önəmli xəbərdarlıqlar edib. Onun sözlərinə görə, təxminən iki il əvvəl Silivridə baş vermiş 5,9 bal gücündəki zəlzələ bölgədəki ciddi təhlükənin göstəricisi idi. Pampal xatırladıb ki, həmin zəlzələ zamanı Silivri Dövlət Xəstəxanası və bir sıra məktəblər ciddi zərər görmüşdü və o zaman da oxşar narahatlıqlar yaşanmışdı.
Pampal qeyd edib ki, Silivri, Şimal Anadolu qırılma xəttinin orta hissəsində - yəni Mərmərə qırılma xətti üzərində yerləşir. Tarixi baxımdan əhəmiyyətli bu qırılma xəttində 1776-cı ildə iki böyük zəlzələ baş verib və bölgədə təxminən 50-60 kilometrlik bir seqmentin hələ də qırılmadığını bildirib.
O, bölgənin seysmik keçmişinə toxunaraq, 1894-cü ildə Adalar qırılma xəttinin qırılması nəticəsində zəlzələ yaşandığını, Təkirdağda isə 7,3 bal gücündə zəlzələnin qeydə alındığını qeyd edib. Pampal 1999 Mərmərə zəlzələsindən sonra ABŞ-da yayımlanan bir elmi məqalədə Mərmərə dənizindəki qırılma xəttinə dair aparılmış statistik və elmi araşdırmaların ciddi riskləri ortaya qoyduğunu vurğulayıb:
"Statistik araşdırmalara əsasən, 2000-ci ildən sonra 30 il içində 7 və daha böyük gücdə bir zəlzələnin olma ehtimalı 64 faiz, 40 il içində 75 faiz, 70 il içində 91 faiz, 90 il içində isə 95 faiz olaraq müəyyənləşdirilib. Yəni, İstanbul və ətrafı çox aktiv və böyük zəlzələ yaratma potensialı ən yüksək olan bölgələrdəndir".
Süleyman Pampal yaşanan ilk zəlzələnin orta, ikinci zəlzələnin isə böyük ölçülü olduğunu bildirib və əlavə edib:
"Artıq bu zəlzələlərin daha böyük bir zəlzələnin xəbərçisi olduğunu deməyə ehtiyac yoxdur. 7 və ya daha böyük bir zəlzələ gözlənilir. Bunu qəbul etməli və bütün planlarımızı bu ssenariyə uyğun qurmalıyıq. Bu bölgədə qırılmalar təxminən hər 250 ildən bir olur və bu müddət də artıq dolur. Lakin belə də dəyərləndirə bilərik: bu afterşoklar bizi bir qədər rahatlada bilər. Çünki bu qırılma xətti boyunca 6-7 bal gücündə zəlzələlər ola bilər deyilirdi. Bəlkə də gözlədiyimiz böyük zəlzələ məhz bu idi. 1776-cı ildə nə qədər hissənin qırıldığı dəqiq məlum deyil. Bu baxımdan, əsas şok yaşadığımız bu zəlzələ də ola bilər".
Digər zəlzələ mütəxəssisi professor, Dr. Şükrü Ersoy isə baş verən afterşokların tamamilə normal olduğunu bildirib.
Aydın
Şərhlər