Dələduzluq cinayəti ilə bağlı daha bir məhkəmə prosesi yekunlaşıb.
Qaynarinfo xəbər verir ki, cinayət Sumqayıt şəhərində baş verib.
Zərərçəkmiş S.L. etibarnamə ilə idarə etdiyi "Lamborgini" markalı avtomobili həyat yoldaşının adına rəsmiləşdirmək istəyib. Bu barədə qohumlarından birinə deyib. Qohumu ona F.R. adlı şəxsin bu işi həll edəcəyini bildirib. Bunun müqabilində isə F.R.-ya 6000 manat pul verilməlidir.
Tərəflər görüşüb və deyilən məbləğ F.R-ya verilib. Bir qədər sonra o, zərərçəkmişin qohumu ilə əlaqə saxlayaraq, problemi həll etdiyini deyib.
Lakin sonradan F.R.-nın yalan danışdığı üzə çıxıb və olay barədə polisə müraciət edilib.
F.R. saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Cinayət işinin məhkəmə istintaqı Sumqayıt Şəhər Məhkəməsində aparılıb. F.R. məhkəmədə verilmiş ittihamla özünü təqsirli bilib. O, əməlini maddi ehtiyacla izah edib və peşman olduğunu bildirib. Həmçinin aydın olub ki, istintaq müddətində dəymiş zərər ödənilib. Zərəçəkmiş də artıq təqsirləndirilən şəxslə barışıq əldə edildiyini bildirərək ondan şikayətçi olmadığını deyib.
Məhkəmənin hökmü ilə F.R. 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun saxlanıldığı 3 gün müddət 1 günə 2 gün hesablanmaqla verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid
Şərhlər