Xəbər lenti

Prezident Çində görüşlər keçirdi (YENİLƏNİB)
Foto 15:27 23.04.2025

Prezident Çində görüşlər keçirdi (YENİLƏNİB)

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də Pekində Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Çianq ilə görüşüb.

Qaynarinfo xəbər verir ki, görüşdə ötən ilin iyulunda Azərbaycan və Çin arasında qəbul edilən strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin münasibətlərimizin yüksək səviyyəsini göstərdiyi bir daha vurğulanıb.

Bu gün imzalanmış hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın əhəmiyyətinə toxunuldu, onun münasibətlərimizin ruhunu və xarakterini əks etdirdiyi bildirilib.

Qeyd olunub ki, münasibətlər qısa vaxtda – bir ildən də az müddətdə strateji tərəfdaşlıqdan hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu da öz növbəsində əlaqələrimizin inkişaf dinamikasını göstərir.

Azərbaycanın və Çinin bütün sahələrdə fəal qarşılıqlı fəaliyyət göstərən iki dost ölkə olduğu qeyd edilib, siyasi sahə ilə yanaşı, iqtisadi-ticari əlaqələrimizin inkişafından, həmçinin ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsinin 20 faiz artaraq 3,7 milyard dollar təşkil etməsindən və bu ilin 3 ayı ərzində əmtəə dövriyyəsinin 40 faizə yaxın çoxalmasından məmnunluq bildirilib.

Dövlət başçısı qeyd edib ki, Çin bizim birinci idxal tərəfdaşımız olmaqla yanaşı, həm də dördüncü ticarət tərəfdaşımızdır.

Prezident İlham Əliyev strateji tərəfdaşlıq haqqında Bəyannamənin bütün sahələrdə uğurla həyata keçirildiyini vurğulayaraq, Azərbaycanla Çinin Avrasiyanın bir çox ölkəsini əhatə edən nəqliyyat-logistika əməkdaşlığı sahəsində fəal səylər göstərdiyini deyib.

Söhbət zamanı beynəlxalq təşkilatlar, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq, Azərbaycanın və Çinin həmişə bir-birinin ərazi bütövlüyünə və suverenliyinə dəstək göstərməsi, ölkəmizin "Vahid Çin” siyasətini daim dəstəklədiyi qeyd edildi. Terrorçuluq, ekstremizm və separatizmlə mübarizədə ölkələrimizin səylərinə toxunulub.

BMT əsaslı beynəlxalq münasibətlər sisteminin Azərbaycan və Çin tərəfindən dəstəkləndiyi vurğulandı. Dövlətimizin başçısı bu xüsusda dedi ki, BMT Təhlükəsizlik Şurasının qərarlarının icra edilməsi mexanizmi yaradılmalıdır. Belə ki, Azərbaycan uzun müddət BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməməsindən əziyyət çəkib.

Bakıda hökumətlərarası komissiyanın sonuncu iclasının və bu çərçivədə biznes forumunun keçirilməsi xatırlandı. Həmin tədbirdə Azərbaycan və Çin şirkətləri arasında müxtəlif sahələr üzrə əməkdaşlığa dair müqavilələrin imzalandığı vurğulanıb.

Çinin Baş naziri Orta Dəhlizin əhəmiyyətinə toxundu və bu marşrut üzrə daşımaların artmasını qeyd edib.

Azərbaycan və Çinin Orta Dəhlizinin yükötürmə imkanlarının daha da genişləndirilməsi istiqamətində birgə səylərinə toxunulub.

Görüşdə bərpaolunan enerji sahəsində, həmçinin neft-qaz sektorunda Azərbaycan ilə Çin şirkətləri arasında əməkdaşlıq imkanları və Çin texnologiyalarının ölkəmizdə geniş tətbiq olunması ilə bağlı məsələlər müzakirə edildi, bu sahədə böyük investisiya imkanlarının olduğu bildirilib.

Həmçinin ərazilərin minalardan təmizlənməsi istiqamətində əməkdaşlıq müzakirə edilib.

Li Çianq qeyd edib ki, Çin tərəfi ərazilərin minalardan təmizlənməsi sahəsində humanitar dəstək göstərməyə hazırdır.

Azərbaycanın birtərəfli qaydada Çin vətəndaşlarına münasibətdə vizanın ləğv olunmasının ardınca iki ölkə arasında vizaların qarşılıqlı şəkildə ləğvi haqqında sənədin imzalanmasının əhəmiyyətinə toxunuldu, bunun insanlararası təmasların və turizmin inkişafına mühüm töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.

Görüşdə kənd təsərrüfatı, o cümlədən baramaçılıq, pambıqçılıq, kənd təsərrüfatı texnikası sahələrində əməkdaşlıq məsələlərinə toxunuldu. Çinin Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirdiyi siyasəti və ölkəmizin Rəqəmsal Transformasiya və Rəqəmsal İnkişaf Konsepsiyasını dəstəklədiyi vurğulanıb.

Söhbət zamanı mədəni-humanitar sahədə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, Heydər Əliyev Fondunun xətti ilə Çində həyata keçirilən layihələr məmnunluqla qeyd olunub.
 
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lıci ilə görüşüb.

Cao Lıci Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişafını, beynəlxalq səviyyədə nüfuzunun artmasını, iqtisadi sahədə qazandığı nailiyyətləri, əhalinin rifah halının yaxşılaşdığını məmnunluqla qeyd etdi. Bildirdi ki, Çinlə Azərbaycan arasındakı əlaqələr səmimi dostluq və strateji tərəfdaşlıq münasibətləridir. O, iki ölkənin liderlərinin səyləri sayəsində bu gün əlaqələrimizin öz tarixinin ən yüksək inkişaf dövrünü yaşadığını dedi.

Prezident İlham Əliyev də öz növbəsində vurğuladı ki, bu gün münasibətlərimiz artıq özünün ən yüksək inkişaf mərhələsinə - hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qalxıb.

Dövlətimizin başçısı Azərbaycanın daim "Vahid Çin” siyasətini dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri pislədiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın və Çinin terrorçuluq, ekstremizm, separatizm və radikalizmə qarşı mübarizədə birgə səylərlə çıxış etdiklərini dedi.

Görüşdə ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunuldu, Orta Dəhlizin əhəmiyyəti vurğulandı. Son dövrlərdə Çin şirkətlərinin Orta Dəhliz üzrə daşımalarının 80 faizdən çox artdığı diqqətə çatdırıldı, ticarət dövriyyəsinin 20 faiz artımı məmnunluqla qeyd edildi.

Çinlə Azərbaycanın parlamentlərarası əməkdaşlığın, o cümlədən parlamentlərin dostluq qrupları və komitələri arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu.

Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığa toxunuldu, bu xüsusda idarəçiliyin müxtəlif aspektləri üzrə təcrübə mübadiləsinin aparılmasının vacibliyi vurğulandı, gənclər, mədəniyyət, idman sahələrində əlaqələrin inkişafı və Azərbaycan-Çin Birgə Universitetinin yaradılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Söhbət zamanı bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələləri qeyd olundu, Çinin "BYD” şirkətinin elektrik avtomobillərinin Azərbaycana ixracı və bir sıra elektrik avtobuslarının yerli səviyyədə istehsalı üçün strateji tərəfdaş kimi müəyyənləşdirildiyi vurğulandı.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->