"Azərbaycan Prezidentinin Çinə səfəri iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsi kontekstində olduqca mühüm əhəmiyyət kəsb edir".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri fonunda Bakı-Pekin münasibətlərini şərh edərkən deyib.
Hikmət Babaoğlu bildirib ki, Çin beynəlxalq münasibətlər sistemində geostrateji və geoiqtisadi baxımdan dünyanın əsas güc mərkəzlərindən biridir:
"Çinin həyata keçirdiyi kommunikasiya layihələri Azərbaycan üzərindən Qərbə uzanır. Ona görə də Çin Azərbaycan münasibətlərinin böyük perspektivi var. Si Szinpin Azərbaycan Prezidentini özünün və Çinin böyük dostu adlandırıb. Bu iki ölkə arasında münasibətlərin xarakteri, gələcək perspektivlərini anlamaq üçün həmin qiymətləndirməyə diqqət yetirmək kifayətdir".
Deputat qeyd edir ki, Çin qlobal cənubun ağırlıq mərkəzidir:
"Dünya iqtisadiyyatı Çin iqtisadiyyatı ilə bu və ya digər formada bağlıdır. Avrasiya coğrafiyasında Çinin mövqeyi bir çox məsələləri həll edir. Perspektivlərin qiymətləndirilməsi Çin-Azərbaycan münasibətlərin inkişafında böyük üfiqlər açır".
Hikmət Babaoğlunun fikrincə, humanitar, mədəni dəyərlər də münasibətlərimizin təminatlı bazasını ictimai şüur səviyyəsində təyin edən komponentlər kimi çıxış edir:
"Önümüzdəki inteqrasiya prosesində bu dəyərlərin inkişafı vacib şərt kimi ortaya çıxır. Azərbaycan xalqı kimi Çin xalqının da faşizm üzərində qələbəni qeyd etməsi bu cür ortaq dəyər yaradan təmas nöqtələrindən biridir. Məhz bu münasibətlə Çin lideri Azərbaycan Prezidentini ölkəsinə dəvət etdi. Bu o deməkdir ki, artıq Çin Azərbaycan münasibətləri rəsmi iqtisadi, siyasi maraqların kənarında, bir də ortaq mənəvi dəyərlər yaradacaq yeni humanitar komponentlərə söykənməyə başlayacaq".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri və bu ölkə lideri Si Szinpinlə görüşü fonunda tərəflər arasında bir sıra mühüm sənədlər imzalanıb. Aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Szinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.
Prezident İlham Əliyev və Sədr Si Szinpin "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" imzalayıblar.
Rüfət Sultan
Şərhlər