Xəbər lenti

Pentaqonda növbəti qalmaqal: Nazir hücum məlumatlarını ailəsi ilə bölüşüb
Dünya 12:04 21.04.2025

Pentaqonda növbəti qalmaqal: Nazir hücum məlumatlarını ailəsi ilə bölüşüb

ABŞ müdafiə naziri Pit Heqsetin Yəməndəki husilərə qarşı 15 martda keçiriləcək hərbi əməliyyatlara dair məxfi məlumatları həyat yoldaşı, qardaşı və şəxsi vəkilinin də üzv olduğu "Signal" mesajlaşma qrupunda paylaşdığı iddia edilir. ABŞ mediası bu iddialara geniş yer ayırıb və Ağ Evə yaxın müxtəlif mənbələr xəbəri təsdiqləyib.

Qaynarinfo-nun məlumatına görə, "New York Times" qəzeti dörd fərqli mənbəyə istinadən verdiyi məlumatda bildirib ki, Heqset "Signal" qrupunda Husi hədəflərinə qarşı keçiriləcək əməliyyatlarda istifadə ediləcək "F/A-18 Hornet" qırıcılarının qalxış saatları da daxil olmaqla, kritik məlumatları bölüşüb. Qəzet bu məlumatların "Atlantic" jurnalının redaktoru Ceffri Qoldberqin yanlışlıqla əlavə edildiyi başqa bir "Signal" qrupundakı məlumatlarla böyük ölçüdə üst-üstə düşdüyünü qeyd edib.

Mənbələrin bildirdiyinə görə, Heqset bu qrupu inzibati işlər və planlaşdırma məqsədi ilə şəxsi telefonu vasitəsilə yaradıb. Qrup üzvləri arasında həyat yoldaşı Cenifer Heqset, qardaşı Pil Heqset və şəxsi vəkili Tim Parlatorenin olduğu qeyd olunub. Xəbərdə, Pil Heqset və Parlatorenin Pentaqonda çalışmasına baxmayaraq, əməliyyat detalları ilə niyə maraqlandıqları aydın deyil.

Mənbələrdən biri bildirib ki, Heqsetin köməkçiləri onu, şifrlənmiş olsa belə, təhlükəsiz hesab edilməyən "Signal" platformasında bu cür həssas məlumatları paylaşmaması barədə xəbərdar ediblər.

"The Guardian" nəşri bu xüsusi mesajlaşma qrupunun mövcudluğunu təsdiqlədiyini bildirib. NYT-nin dörd mənbəyə əsaslanan məlumatına görə, Heqsetin paylaşdığı məlumatlara Yəməndəki Husi hədəflərinə yönəlmiş "F/A-18 Hornet" qırıcılarının uçuş planları da daxildir. Eyni məlumatların, milli təhlükəsizlik müşaviri Mayk Vals tərəfindən yaradılan və yüksək səviyyəli rəsmilərin yer aldığı başqa bir "Signal" qrupunda da paylaşılması vurğulanıb.

NYT-nin xəbərində qeyd olunub ki, Heqset bu qrupdan istifadə etmək üçün rəsmi cihazdan deyil, şəxsi telefonundan istifadə edib. Qrupda Heqsetin iki yüksək rütbəli məsləhətçisi Den Kaldvell və Darin Selnikin də olduğu bildirilib. Hər iki müşavir ötən həftə icazəsiz məlumat sızdırmaqda ittiham edilərək vəzifəsindən uzaqlaşdırılıb.

Valsın qrupunun mövcudluğu ötən ay "Atlantic" jurnalının redaktoru Ceffri Qoldberqin bu qrupa yanlışlıqla əlavə olunması ilə ictimaiyyətə bəlli olub.

CNN kanalının xəbərinə görə, Heqsetin şəxsi "Signal" qrupuna yaxın olan üç mənbə, onun Yəməndəki hücumlar başlamazdan əvvəl planları paylaşmaq üçün bu platformadan istifadə etdiyini təsdiqləyib.

"Associated Press" agentliyi isə ikinci söhbət qrupunun varlığını başqa bir mənbəyə istinadla təsdiqləyib və bu söhbətdə 13 nəfərin iştirak etdiyini bildirib. Digər bir vəzifəli şəxs isə Heqsetin məlumat paylaşımı ilə bağlı şərh verməkdən imtina edib, lakin hər hansı milli təhlükəsizlik pozuntusunun baş vermədiyini iddia edib.

Pentaqon sözçüsü Şon Parnell "X" sosial şəbəkəsindəki paylaşımında NYT-nin xəbərinə reaksiya verərək yazıb: "Tramp əleyhinə olan media prezidentin gündəmini dəstəkləyən hər kəsi məhv etməyə yönəlmiş obsesiyasını davam etdirir".

Parnell əlavə edib ki, xəbərin vəzifədən çıxarılmış və nazirin gündəmini "sabotaj etməyə çalışan" keçmiş əməkdaşların iddialarına əsaslandığını, hansı formada yazılsa da, heç bir "Signal" söhbətində məxfi məlumat paylaşılmadığını vurğulayıb: "Həqiqət budur ki, Müdafiə Nazirliyi prezident Trampın gündəmini həyata keçirməkdə hər keçən gün daha da güclənir və effektivləşir.

İkinci "Signal" söhbətinin üzə çıxmasından qısa müddət sonra "Politico" nəşrində yayımlanan məqalədə, Heqsetin keçmiş mətbuat katibi Con Ulliyotun fikirlərinə yer verilib:

"Pentaqonda tam bir xaos ayı yaşandı. Həssas əməliyyat planlarının sızdırılmasından tutmuş kütləvi işdən çıxarılmalara qədər, bu funksional pozğunluq artıq prezident (Donald Tramp) üçün böyük bir yayındırıcı amilə çevrilib; prezident, hazırkı rəhbərlərdən daha yaxşısını haqq edir".

Heqset isə Qoldberqin heç bir müharibə və ya hücum planını görmədiyini iddia edərək, medianı "aldadıcı məlumatlar yaymaqda" günahlandırıb.

"Atlantic" jurnalının redaktoru Ceffri Qoldberq Yəmən müharibəsinə dair planların müzakirə edildiyi mesajlaşma qrupuna əlavə edildiyini bildirib. Qoldberq "Tramp administrasiyası müharibə planlarını səhvən mənə mesajla göndərdi" başlıqlı məqaləsində əvvəlcə milli təhlükəsizlik rəsmilərinin olduğu "Signal" qrupuna əlavə edildiyini, daha sonra Heqsetin qrupda Yəmənə planlaşdırılan hücumlarla bağlı detalları paylaşdığını açıqlayıb.

Yəmən hücumuna dair detalların "Signal" tətbiqi vasitəsilə paylaşılması ABŞ mediasında bu hadisənin "Signalgate" kimi adlandırılmasına səbəb olub.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) başmüfəttiş əvəzi Stiven Stebbins, nazir Pit Heqsetin "Signal" mesajlaşma tətbiqi vasitəsilə Yəməndəki husilərə qarşı hücumlarla bağlı həssas hərbi məlumatları paylaşdığı iddialarına dair rəsmi araşdırma başladıldığını açıqlayıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->