Xəbər lenti

ABŞ-İran ekspertlər səviyyəsində görüşə keçir: Bu nə deməkdir?
Dünya 13:21 21.04.2025

ABŞ-İran ekspertlər səviyyəsində görüşə keçir: Bu nə deməkdir?

"Ekspertlər səviyyəsində keçirilən görüşlər prosesin daha ciddi bir mərhələyə qədəm qoyduğunu göstərir"

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov ABŞ-la İran arasında danışıqların aprelin 23-də olacaq növbəti raundunun ekspertlər səviyyəsində olacağının hansı prosesdən xəbər verdiyini şərh edərkən deyib.

"Son günlərdə Oman vasitəsilə aparılan ABŞ-İran danışıqları yenidən regionun siyasi gündəmini zəbt edib. Ekspertlər səviyyəsində diplomatik kontaktlar adətən texniki detalların müzakirəsi ilə müşayiət olunur və bu da danışıqların səthi deyil, məzmunlu və irəliləyişə açıq olduğunu göstərir. Belə məqamlarda siyasi kulislərdə "razılaşma yaxınlaşırmı" sualı təbii olaraq gündəmə gəlir. Lakin bu sualın cavabı heç də sadə deyil. Həm Vaşinqton, həm də Tehran zaman-zaman bir-birinə zidd bəyanatlar verir. Bir gün "danışıqlar irəliləyir deyilsə də, digər gün "heç bir ciddi inkişaf yoxdur” fikri səslənir. Bu isə məsələyə yekun qiymət verməyi çətinləşdirir", deyə Azər Hüseynov bildirib.
 

 
Digər mühüm məqam isə həmsöhbətimizə görə, ABŞ-ın xarici siyasətindəki strateji balansla bağlıdır:

"ABŞ nə qədər İranla gərginliyi azaltmağa çalışsa da, bölgədəki müttəfiqlərini, xüsusilə də İsrail və Körfəz ölkələrini-narahat etmədən bu siyasəti həyata keçirmək məcburiyyətindədir. Bu, onun üçün həm daxili siyasi mövqelərin qorunması, həm də regional güc balansının saxlanması baxımından əhəmiyyətlidir. Yəni Vaşinqton üçün təkcə Tehranla masa arxasında oturmaq deyil, eyni zamanda müttəfiqlərinə bunun izahını vermək də lazımdır".

Ekspertin fikrincə, məsələ ondadır ki, bu proseslərdə rəsmi bəyanatlardan çox, səssiz gedişatlar önəmlidir:

"Diplomatiyada bəzən sükut, səsli siqnallardan daha çox məna daşıyır. Oman danışıqları da məhz bu cür - səssiz, amma önəmli bir diplomatik müstəviyə çevrilib".

Konfliktoloq deyir ki, hələlik hər şey "gözləyək, görək" mərhələsindədir:

"Diplomatiya oyunu uzun və çətin marafondur - bəyanatlar dəyişir, masalar yenilənir, tərəflər isə öz mövqelərini qoruyaraq incə hesablamalarla irəliləyirlər".

Qeyd edək ki, ABŞ-la İran arasında aprelin 12-i və 19-da Omanda baş tutan iki görüşdən sonra, planlaşdırılan növbəti görüş aprelin 23-də ekspertlər səviyyəsində olacaq. Bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi parlamentinin milli təhlükəsizlik komitəsində çıxışı zamanı eyib.

"Danışıqların təfərrüatlarını müzakirə etmək üçün çərşənbə günü Maskatda vasitəçilərlə ekspert və texniki görüşlər keçiriləcək. Hazırda tərəflər danışıqların aparılması üçün ümumi prinsiplər hazırlayırlar”, - deyə o vurğulayıb.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->