Xəbər lenti

Qarabağ zəfərinin zirvəsi: Şuşa - Dr. Kürşad Çavuşoğlu yazır...
Ölkə 14:07 21.04.2025

Qarabağ zəfərinin zirvəsi: Şuşa - Dr. Kürşad Çavuşoğlu yazır...

Dr. Kürşad Çavuşoğlu
İraq Türkmən Qəzetçilər Cəmiyyətinin beynəlxalq əlaqələr üzrə məsul şəxsi 

Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə İraq və Suriya türkmənlərindən ibarət nümayəndə heyəti Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın göz bəbəyi sayılan Şuşa şəhərinə səfər edib. Ən qədim dövrlərdən Azərbaycan üçün böyük əhəmiyyət daşıyan Şuşa tarixi, mədəni və mənəvi dəyərə malik olmaqla yanaşı, uzun illər Qarabağın paytaxtı olmuşdur. Tarixi və mədəni zənginlikləri, təbiət gözəllikləri ilə Qarabağın incisi sayılan Şuşa, eyni zamanda tanınmış bəstəkar və musiqiçiləri ilə "Azərbaycan musiqisinin beşiyi" adlandırılır.

Türkmən nümayəndə heyəti Şuşa ilə tanışlığa şəhər mərkəzində yerləşən və Bülbül, Xurşidbanu Natəvan və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin olduğu meydandan başlayıb. Heyət səfər çərçivəsində Şuşa qalası, işğaldan azad olunmanın simvolu sayılan Yuxarı Gövhər ağa məscidi, İsa bulağı, Molla Pənah Vaqif muzeyi və digər tarixi-mədəni məkanları ziyarət edib. Onlara həmçinin Cıdır düzü və Şuşanın azad olunması barədə ətraflı məlumat verilib.



Şuşa – Azərbaycanın mədəniyyət, incəsənət, elm və musiqi beşiyi

Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa bir çox tanınmış elm və mədəniyyət xadiminin vətənidir. Xurşidbanu Natəvan, Molla Pənah Vaqif, Mir Möhsün Nəvvab, Əbdürrəhim bəy Haqverdiyev, Qasım bəy Zakir, Süleyman Sani Axundov, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Fəridun bəy Köçərli, Həmidə xanım Cavanşir, Bədəl bəy Bədəlbəyli, Əhməd bəy Ağaoğlu, Ceyhun Hacıbəyli, Səməd bəy Mehmandarov, Fərəc bəy Ağayev, Yaqub Quliyev və başqa onlarca şəxsiyyətin həyatında Şuşanın xüsusi yer tutması təsadüfi deyil.

XVIII əsrin ikinci yarısından musiqi mərkəzinə çevrilən Şuşa Azərbaycan musiqisinin yüksəlişində mühüm rol oynamışdır. Hacı Hüsü, Məşədi İsi, Əbdülbaqi Zülalov (Bülbülcan), Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəcizadə Məhəmməd, Sadıqcan, Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Segah İslam, Zabul Qasım, Mütəllim Mütəllimov, Xan Şuşinski, Qurban Pirimov, Seyid Şuşinski, Bülbül, Rəşid Behbudov və digər məşhur sənətkarlar Şuşanın yetirmələridir.

Dünya şöhrətli bəstəkarların vətəni kimi tanınan Şuşada Azərbaycan musiqi tarixində yeni dövrü başlatmış Üzeyir bəy Hacıbəyli doğulmuşdur. O, həm də istedadlı yazıçı və ictimai fikir lideri kimi tanınırdı.

Bundan əlavə, Şuşada doğulmuş bəstəkarlar – Fikrət Əmirov, Zülfüqar bəy Hacıbəyov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Əşrəf Abbasov, Zakir Bağırov, Mehdi Məmmədov, Süleyman Ələsgərov, həmçinin rəssam və memarlar – Lətif Kərimov, Cəlal Qaryağdı, Nadir Əbdürrəhmanov, Tuğrul Nərimanbəyov və digərləri Azərbaycan mədəniyyət tarixində mühüm yer tutur.



Zəfərin simvolu – Cıdır düzü

Dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşən Şuşa dağlar və sıldırım qayalarla əhatələnmişdir. Şəhərin cənubunda, meşələrlə əhatə olunmuş ərazidə yerləşən Cıdır düzünün qərb hissəsində "Üçmıx” adlanan üç təpə yerləşir. Cıdır düzü uzun illərdir ki, at yarışları, festivallar və idman tədbirləri üçün məkandır. Bu gün isə Cıdır düzü Şuşanın azadlığı ilə nəticələnmiş zəfərin rəmzidir.

İkinci Qarabağ müharibəsində 44 gün ərzində torpaqlarını azad edən Azərbaycan əsgərləri, yüngül silahlarla, keçilməz dağ cığırları və qayalıqları aşaraq Cıdır düzünə çıxmış, Ermənistan qüvvələri ilə döyüşərək Şuşa şəhərinə daxil olmuşdular. Azərbaycan əsgərləri, ağır silahlarla təchiz olunmuş erməni ordusuna qarşı tapança, bıçaq və süngülərlə küçə döyüşlərinə girərək şəhəri azad etmişdir.

4 noyabrda Daşaltı kəndi işğaldan azad olundu və Azərbaycan Ordusu strateji Şuşa-Laçın-Xankəndi yolunun bir hissəsini nəzarətə götürdü. 7 noyabrda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin 400 nəfərlik heyəti şəhərə daxil oldu, 8 noyabr səhəri isə Şuşa tamamilə azad edildi.



Şuşanın azad edilməsi müasir hərb elmini alt-üst etdi

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dağlıq və sərt relyefli ərazidə, ağır silahlar və texnika olmadan, yalnız yüngül silahlar və süngülərlə şəhərə daxil olmuş, erməni qüvvələrini təəccübləndirərək Şuşanı azad etmişdir. Bu əməliyyat dünya hərb tarixində unikal hesab olunur və bir çox hərbi akademiyalar tərəfindən dərs olaraq təhlil edilir. NATO generalları belə bu əməliyyatı hərb tarixində yeni bir dövrün başlanğıcı kimi qiymətləndirirlər.



İşğaldan azad edilən Şuşa sahiblərinə qovuşur

İşğal dövründə Şuşadakı tarixi binalar, məscidlər və abidələr erməni vandalizminə məruz qalmışdır. Azadlıqdan sonra burada genişmiqyaslı bərpa və infrastruktur işləri həyata keçirilir. Şuşa qalası, Aşağı Gövhər Ağa məscidi, Yuxarı Gövhər Ağa Məscidi, Saatlı məscidi, Xan sarayı kimi abidələr bərpa olunur. Hazırda Şuşaya ailələrin köçürülməsi davam edir. Artıq 220 ailə (təxminən 823 nəfər) şəhərə yerləşdirilib.

Qarabağın 30 ilə yaxın işğalda qalması yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün milli faciə olmuşdur. Bu baxımdan Qarabağın azad olunması həm Azərbaycan, həm də Türk dünyası üçün böyük əhəmiyyət daşıyır. Qarabağ zəfəri təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qələbəsidir. Azərbaycan bu zəfərlə torpaqlarının ona məxsus olduğunu dünyaya sübut etmişdir.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->