Xəbər lenti

Yarım milyon manatlıq dələduzluq ittihamı:
Ölkə 14:44 21.04.2025

Yarım milyon manatlıq dələduzluq ittihamı: "İlin ən uğurlu iş xanımı"nın məhkəməsi davam edir

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda fəaliyyət göstərmiş "Moon Kids” uşaq bağçasının direktoru Həvvaxanım Rüstəmovanın məhkəməsi davam edir. 

Qaynarinfo xəbər verir ki, bu prosesə hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik edir.

Həvvaxanım Rüstəmovaya qarşı irəli sürülmüş ittihama görə o, ayrı-ayrı adamları işə düzəltmək, pensiya düzəltmək adı altında aldadıb. Əvvəlcə həbs olunsa da, ibtidai istintaq zamanı ev dustaqlığına buraxılıb. 

Dəyən zərərin ümumi məbləği 500 min manata yaxındır. Zərərçəkənlərin sayı isə 132 nəfərdir. Dövlət Sosial Müdafiə Fondu da zərərçəkmiş qismində tanınıb. Aprelin 21-də keçirilən məhkəmə iclasında həmin qurumun nümayəndəsi mülki iddia təqdim edib. Məlum olub ki, Fond  təqsirləndirilən şəxsə qarşı 32 min manatlıq mülki iddia qaldırıb. Fondun nümayəndəsi iddianı belə əsaslandırıb ki, Həvvaxanım Rüstəmova 92 nəfəri əmək müqaviləsi olmadan işə götürüb və Məcburi Dövlət Sığorta haqqı ödənilməyib. Buna görə də DSMF-yə 32 min manat civarında zərər dəyib. Həvvıxanım Rüstəmova iddia ilə razılaşmadığını deyib. Məhkəmə isə mülki iddianı icraata götürüb. 

Bu iş üzrə zərərçəkən kimi tanınanlardan biri də Zərifə Osmanovadır. O, məhkəmə ifadəsində göstərib ki, Həvvaxanım Rüstəmova ilə bir müddət əvvəl özünə iş axtararkən internetdə qarşısına çıxan "iş var" tipli elanlar üzərindən tanış olub. Həvvaxanım Rüstəmova rəhbəri olduğu uşaq baxçasında işə düzəlməyin prosedurundan danışıb: 

"Dedi, əvvəlcə bir müddət təcrübə keçməlisən. Bacım da iş axtarırdı. Biz ikimiz də o baxçada işə düəzlmək üçün hərəmiz 4 min manat vermişdik. Neftçilər filialında bir ay təcrübə keçəndən sonra Qara Qarayev filialında işə başladım. Baxdım ki, müəllimələrin sayı uşaqlardan çoxdur. Üstəlik, vəd etdikləri 600 manat maaşı da vermədilər. Bir neçə dəfə tələb etsəm də, gördüm ki, əmək müqaviləsi bağlamaq istəmirlər. Əmək müqaviləsi və mənə vəd olunan maaşı tələb edəndə mənə dedi ki, rədd ol. Beləcə, məni baxçadan qovdu. Mən və bacım polisə şikayət etdik. Şikayətdən sonra pulumdan 3 min manat qaytarılıb, qalan min manatı tələb edirəm".

Zərərçəkmiş məhkəmənin, dövlət ittihamçısının və vəkilin suallarını cavablandırdırıb. 

Ötən məhkəmə iclaslazrında Həvvaxanım Rüstəmova dəymiş zərərin çox hissəsini ödədiyini və özünü təqsirli bilmədiyini deyib: "Bu müəssisəni yaradanda niyyətim dələduzluq etmək olmayıb, iş qurmaq istəyirdim".

Həvvaxanım Rüstəmova 2023-cü ildə "İlin ən uğurlu iş xanımı” nominasiyasına layiq görülüb. Həbs olunduqdan sonra direktoru olduğu "Moon Kids” Uşaq Bağçasının fəaliyyəti dayandırılıb. Bağçanın bütün sosial şəbəkələrdə hesabları silinib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->