Ukrayna Rusiya ilə mümkün sülh razılaşması nəticəsində ordusunun sayına və döyüş qabiliyyətinə dair heç bir məhdudiyyətə razı olmayacaq. Bu, Kiyevin sülh danışıqlarında keçməyəcəyi "qırmızı xəttidir”.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” agentliyinə verdiyi müsahibədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Pavel Palisa bildirib. O, Səudiyyə Ərəbistanında ABŞ ilə aparılan danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü olub.
"Bu Ukraynanın prinsipial mövqeyidir – heç kim, xüsusilə də təcavüzkar dövlət olan Rusiya, Ukraynaya hansı silahlı qüvvələrə malik olacağını diktə edə bilməz”, – deyə Palisa bildirib.
O vurğulayıb ki, müharibənin dayanmasından və ya sülh razılaşmasının əldə olunmasından sonra Ukrayna ordusu ölkənin əsas təhlükəsizlik təminatçısı və Rusiyanın yeni hücumlarının qarşısını alacaq əsas vasitə olacaq. Palisanın sözlərinə görə, bu mövqe artıq ABŞ tərəfdaşlarına da çatdırılıb.
"Təxmin edə bilərəm ki, Rusiya nə ilə motivasiya olunur [Ukrayna ordusunun ixtisarını tələb edərək] – bəlkə də yeni hücuma hazırlaşmaq istəyirlər, işlərini yüngülləşdirmək üçün, lakin bu mümkün deyil – [Ukrayna ordusu ixtisar edilməyəcək]. Bizim vəzifəmiz keçmişin dərslərini yaxşı öyrənməkdir”, – deyə Palisa əlavə edib.
Reuters qeyd edir ki, Ukrayna təkcə ordunun sayının azaldılması məsələsinə deyil, həm də işğal olunmuş ərazilər üzərində Rusiya suverenliyinin tanınmasına da heç vaxt razı olmayacaq. Baxmayaraq ki, Kiyev bu torpaqları hərbi yolla qaytara bilməyəcəyini açıq şəkildə etiraf edib.
Rusiya Ukraynanın silahsızlaşdırılmasını tələb edir
UNIAN-ın yazdığına görə, Kreml 2022-ci ilin yazında – tammiqyaslı işğalın əvvəlində irəli sürdüyü əsas tələblərdən biri Ukraynanın "demilitarizasiyası” idi. Həmin dövrdə Rusiya və Ukrayna arasında bir neçə danışıqlar raundu keçirilmiş, ilkin sülh razılaşmasının layihəsi hazırlanmışdı. Sənəddə, o cümlədən, Ukrayna Silahlı Qüvvələrinin sayının ciddi şəkildə azaldılması nəzərdə tutulurdu.
Daha sonra Rusiya prezidenti Vladimir Putin dəfələrlə həmin İstanbul sənədinə qayıtmaq və xüsusilə də Ukrayna ordusunun sayının azaldılması tələbi ilə çıxış edib.
Əvəzində Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, müharibədən sonra ordunun azaldılmasından söhbət belə gedə bilməz.
Alpər
Şərhlər