Xəbər lenti

Dünya 13:09 23.07.2025

"İlin sonuna doğru müharibə dondurulacaq" - Ekspert

"İlin sonuna doğru Kiyevlə Moskva savaşın dondurulması barədə razılığa gələcəklər".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev Ukrayna ilə Rusiya arasında İstanbulda olacaq danışıqların üçüncü raundunu şərh edərkən deyib.

Mehman Əliyev bildirib ki, danışıqlar prosesində masanın başında Türkiyə nümayəndələri əyləşir:

"Türkiyə burada moderator rolunu oynayır. Bu, heç bir halda Ankaranın danışıqlar prosesində iştirakı anlamına gəlmir. Öncəki görüşlərdə təkliflər hazırlanmışdı. Bununla belə, üçüncü raund görüşündə də nəyinsə qəbul olunacağını düşünmürəm. Amma belə vəziyyətdə cari ilin payızın sonlarına doğru nəsə baş verə bilər".
 


Həmsöhbətimiz düşünür ki, burada vasitəçilik rolunu isə Ankara ilə Bakı tandemi oynaya bilər:

"Düşünürəm ki, ilin sonuna doğru tərəflər prosesin dondurulması barədə razılığa gələcəklər. Vaxtilə Azərbaycanla Ermənistan arasında 1994-cü ilin mayın 12-də imzalanan atəşkəs sazişi kimi sənəddən söhbət gedir. Gələcəkdə Ukrayna ilə Rusiya arasında təmas xəttində hansısa bir kənar qüvvələr olacaq. Lakin bu qüvvələr Qərb qüvvələri olmayacaq. Rusiya bunu qəbul etməyəcək". 

Ekspertin fikrincə, bu təmas xəttində ancaq Turan qüvvələri olacaq. 

Qeyd edək ki, İstanbulda bu gün keçiriləcək Rusiya-Ukrayna üzrə üçüncü raund danışıqlarında Türkiyə nümayəndə heyəti də iştirak edəcək. "RİA Novosti”nin məlumatına görə, nümayəndə heyətinin tərkibində Türkiyə tərəfdən ölkənin xarici işlər naziri Hakan Fidan yer alacaq. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->