Parisdə keçirilən görüşdə ABŞ nümayəndələri Ukrayna ilə Rusiya arasındakı müharibədə bir neçə həftə ərzində tam atəşkəsə nail olmaq istədiklərini bildiriblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg"in məlumatında
deyilir.
Qeyd olunur ki, Fransa prezidenti Emmanuel Makron, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff və ukraynalı rəsmilərin iştirak etdiyi Paris danışıqları əsasən atəşkəsə və Ukraynada davamlı sülhə necə daha sürətli keçidin təmin olunmasına yönəlib.
"Amerikalı rəsmilər yaxın vaxtlarda əhəmiyyətli irəliləyiş gözlədiklərini bildiriblər və cümə axşamı keçirilən görüşün iştirakçıları bu istiqamətdə birgə çalışmağa razılaşıblar", – "Bloomberg" yazır.
Nəşr qeyd edir ki, Paris görüşü Avropanın danışıqların nəticəsinə təsir göstərmək üçün növbəti cəhdidir. Bu, Avropanın və Kiyevin ABŞ-ın müharibənin dayandırılması üzrə səylərinə tam dəstək verdiyini göstərmək məqsədi daşıyır və Rusiyanın atəşkəslə bağlı danışıqlarda ciddi olduğunu sübut etməsi üçün mesajdır.
Nəşrin həmsöhbətlərindən biri bildirib ki, Avropa rəsmiləri həmçinin Tramp administrasiyasının Putindən nəticə əldə olunmadığı halda hansı addımları atacağını bilmək istəyiblər və Vaşinqtonu Moskvaya qarşı mövqeyini sərtləşdirməyə, o cümlədən Trampın daha əvvəl nəzərdən keçirdiyini dediyi ''genişmiqyaslı'' sanksiyalar paketinə yönəltməyə çalışıblar.
Yelisey sarayının məlumatına görə, bu görüşdən sonra Almaniya, Fransa, ABŞ və Böyük Britaniyadan olan milli təhlükəsizlik müşavirləri və danışıqlar aparan nümayəndələr növbəti həftə Londonda bir araya gələrək müzakirələri davam etdirəcəklər.
Aprelin 17-də Parisdə Fransa prezidenti Emmanuel Makron ABŞ-ın dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoffla görüşüb. Görüşdə Ukrayna, gömrük tarifləri və Yaxın Şərq mövzuları müzakirə olunub.
Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak bildirib ki, Ukrayna və ABŞ nümayəndə heyətlərinin, eləcə də "istəkli koalisiya” ölkələrinin nümayəndələrinin görüşləri baş tutub. Onun sözlərinə görə, tam atəşkəsə aparan yollar və hərtərəfli, ədalətli və davamlı sülhə nail olunması prosesi ilə bağlı müzakirələr aparılıb.
Həmçinin məlum olub ki, aprelin 17-də ABŞ dövlət katibi Marko Rubio Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıq aparıb. Bildirilir ki, tərəflər Ukrayna müharibəsi, o cümlədən Parisdə ABŞ komandası ilə Ukrayna və Avropa tərəfdaşlarının nümayəndələri arasında keçirilən görüş barədə fikir mübadiləsi aparıblar.
Alpər
Şərhlər