Xəbər lenti

ABŞ Rusiya alimlərini əsas tibbi tədqiqat bazalarından çıxardı
Dünya 15:17 14.04.2025

ABŞ Rusiya alimlərini əsas tibbi tədqiqat bazalarından çıxardı

ABŞ Rusiya alimlərini öz tibbi və elmi təşkilatlarının məlumat bazalarına girişdən məhrum edib. 

Qaynarinfo xəbər verir ki, "Kommersant”ın məlumatına görə, bu bazalarda psixi pozuntular, onkoloji xəstəliklər, Alzeymer, Parkinson, Daun sindromu, eləcə də alkoqol və narkotik asılılığı olan amerikalılar haqqında məlumatlar saxlanılırdı.
 
Qadağa sabiq prezident Co Baydenin 2024-cü ildə imzaladığı fərmana əsasən tətbiq olunub. Bu fərman ABŞ vətəndaşlarının tibbi-genetik məlumatlarını ''narahatlıq doğuran ölkələrdən'' qorumağı hədəfləyir. 

Dövlət Departamenti tərəfindən tərtib olunmuş bu siyahıya Rusiya ilə yanaşı, Çin, İran, Şimali Koreya, Kuba və Venesuela da daxildir. Bu ölkələrin alimləri artıq ''nəzarət olunan girişli məlumat anbarlarından'' (Controlled-Access Data Repositories, CADR) istifadə edə bilməyəcəklər. Bu anbarlara ABŞ-ın Milli Onkologiya İnstitutunun SEER adlı bazası da daxildir ki, burada bütün ştatlar üzrə onkoloji xəstəliklərin statistikası toplanıb.

Bu məhdudiyyətlər Rusiya elmi və tibb sahəsinə ciddi zərbə vura bilər. Seçenov Universitetinin Reproduktiv Tibb İnstitutunun kiçik elmi işçisi Sergey Tkaçev qeyd edib ki, bu məlumatlar elmi tədqiqatlar və yeni dərmanların hazırlanması üçün vacibdir. Onun sözlərinə görə, 2022-ci ilin iyununda Rusiya Human Gene Mutation Database (HGMD) bazasına çıxışını itirmişdi və ABŞ mənbələri ''ehtiyat çıxış yolu'' kimi qalırdı – xüsusən xərçəng tədqiqatları və müalicəsində.

Tkaçev izah edir ki, müasir farmakoloji hazırlıqlar xəstələrin genom, transkriptom (müəyyən anda hüceyrə və ya toxumada olan bütün RNT molekulları) və proteomunun (zülallar haqqında məlumat) kompleks analizinə əsaslanır. Bu, xüsusən konkret xəstəliklərə qarşı hədəflənmiş dərmanların yaradılmasında mühüm rol oynayır.

''Nəticədə risk yaranır ki, biz hazır xarici preparatları almağa məcbur olarıq. Bu isə baha başa gəlir və maliyyə resurslarının ölkədən kənara çıxmasına səbəb olur. Bundan əlavə, bu cür asılılıq əhalinin sağlamlığına birbaşa təsir edən sahədə ölkəni həssas vəziyyətə salır və texnoloji fərqi artırır'', – deyə Tkaçev vurğulayıb. O, həmçinin etiraf edib ki, CADR məlumatları ABŞ cəmiyyətinin quruluşunu, əhalinin hansı xəstəliklərə tutulduğunu və potensial zəifliklərini öyrənməyə imkan verirdi.

Hazırda Rusiyanın ABŞ Milli Səhiyyə İnstitutlarının dəstəklədiyi və biotibbi araşdırmalar üzrə açıq axtarış sistemi olan PubMed-ə çıxışı qalır. Bununla yanaşı, hökumət 2025-ci il sentyabrın 1-dək özünün ''Milli Genetik Məlumat Bazası''nı istifadəyə verməyi planlaşdırır. Nazirlər Kabinetinin 2024-cü il 31 yanvar tarixli qərarına əsasən, bu bazaya dövlət orqanları, laboratoriyalar və tibbi təşkilatlar giriş əldə edəcəklər. Sistemin yaradılması və tətbiqinə Elm və Təhsil Nazirliyi cavabdeh olacaq, operatoru isə prezidentin dostu Mixail Kovalçukun rəhbərlik etdiyi Kurçatov İnstitutu olacaq.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->