Sudanda Çevik Reaksiya Qüvvələri"nin (SRQ) rəhbərliyi altında yaradılmış paralel hökumət beynəlxalq təşkilatlar tərəfindən sərt tənqid olunub.
Qaynarinfo xəbər verir ki, 2023-cü ildən bəri ölkənin suveren şurasının rəhbəri general Əbdülfəttah əl-Burhana tabe olan nizami ordu ilə silahlı münaqişədə olan SRQ hazırda ölkənin geniş bir ərazisini nəzarətdə saxlayır. Ekspertlərin fikrincə, bu addım SRQ-nin hərbi üstünlüyünü siyasi təsirə çevirmək niyyətindən irəli gəlir və mümkün danışıqlar öncəsi mövqelərini gücləndirməyə xidmət edir.
Afrika İttifaqı və Ərəb Dövlətləri Liqasından sərt reaksiya
30 iyul tarixində Afrika İttifaqı (Aİ) bu addımı "ölkənin birliyi və siyasi prosesinə ciddi təhdid" kimi qiymətləndirib. İttifaqın bəyanatında bildirilir: "Bu akt Sudanı daha da dərin parçalanma riski ilə üz-üzə qoyur".
Təşkilat üzv dövlətlərə və beynəlxalq ictimaiyyətə çağırış edərək, paralel hökuməti tanımamağa və Sudanın parçalanmasına qarşı durmağa səsləyib.
Ərəb Dövlətləri Liqası da SRQ-nin təşəbbüsünü qınayaraq, bunu Sudan konstitusiya sistemindən kənarda alternativ hakimiyyət strukturları qurmaq cəhdi adlandırıb. Bəyanatda bu addımın dövlət institutlarını zəiflətmək, qanun aliliyini silahla əvəzləmək və ölkəni düşmən enclavlara parçalamaq təhlükəsi yaratdığı vurğulanıb. Liqa SRQ-yə atəşkəs rejiminə əməl etməyə və beynəlxalq humanitar hüquq normalarına riayət etməyə çağırıb.
Yeni hökumətin strukturu: Kimlər rəhbərlik edir?
26 iyul tarixində SRQ-nin rəhbərlik etdiyi "Sudanın əsasını qoymaq üçün alyans" adlı üsyançı qruplaşmalar koalisiyası paralel hökumətin yaradıldığını elan edib. Bu hökumətin məqsədi "yeni, dünyəvi, demokratik, mərkəzsizləşdirilmiş və könüllü birləşmiş Sudan" yaratmaq kimi təqdim edilib.
Hökumətin ali icra orqanı - prezident şurasına SRQ lideri Məhəmməd Həmdan Dağalo (təxəllüsü Həmidti) rəhbərlik edir. Keçid dövrü nazirlər kabinetinin sədri isə Məhəmməd ət-Taaşi təyin edilib. Növbəti mərhələdə nazirliklərin yaradılması planlaşdırılır.
Alyans bildirib ki, ölkənin bütün sektorlarını əhatə edən "strateji planlara" malikdirlər.
Rəsmi Xartumun mövqeyi və SRQ-nin hərbi uğurları
Paralel hökumətin yaradılması Sudan hökumətinin başçısı Kamil İdris üçün birbaşa təhdid kimi qiymətləndirilir. O, general əl-Burhan tərəfindən təyin olunub və nizami orduya rəhbərlik edir. Hazırda hökumət yeni təyinatlarla fəaliyyətini davam etdirməyə çalışır, SRQ-nin alternativ struktur yaratması isə bu prosesi gözdən salmaq məqsədi daşıyır.
Sudandakı vətəndaş müharibəsinin son mərhələsi 2023-cü ilin yazında başlayıb. 27 aylıq münaqişə ölkəni faktiki olaraq iki hissəyə bölüb: hökumət qüvvələri mərkəzi, şərq və şimal regionlara, o cümlədən paytaxt Xartuma nəzarət edir. SRQ isə qərbdəki Darfur bölgəsinin böyük hissəsini və cənubun bəzi ərazilərini əlində saxlayır (istisna: Əl-Fəşir şəhəri).
İyul ayında SRQ Sudan, Misir və Liviya sərhədlərinin kəsişdiyi strateji üçbucağı da nəzarətə götürdüyünü açıqlayıb. Mərkəzi hökumətin versiyasına görə, SRQ bu bölgədə Liviyadakı general Xəlifə Həftarın rəhbərlik etdiyi Liviya milli ordusundan ciddi hərbi dəstək alır.
Siyasi perspektiv: Bölünmə yoxsa, mövqe gücləndirmə?
Rusiya Beynəlxalq Münasibətlər Şurasının eksperti Anton Mardasovun sözlərinə görə, paralel hökumətin yaradılması əslində ölkənin bölünməsi deyil, SRQ rəhbəri Həmidtinin siyasi danışıqlarda əlini gücləndirmək məqsədi daşıyır. "Əl-Burhan Xartumu nəzarətə götürdükdən sonra əsas prioriteti dövlət aparatının fəaliyyətini bərpa etmək olub. Həmidti isə Sudanın İspaniya qədər ərazisini idarə edir və yeni logistik struktur qurur", deyə ekspert vurğulayıb.
Aydın
Şərhlər