Xəbər lenti

Rada Zelenskinin NABU və SAP ilə bağlı qanununu qəbul etdi
Dünya 16:48 31.07.2025

Rada Zelenskinin NABU və SAP ilə bağlı qanununu qəbul etdi

Ukrayna Ali Radası Prezident Vladimir Zelenski tərəfindən təqdim olunan, Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğunun (SAP) səlahiyyətlərinin bərpasına dair qanunu bütövlükdə qəbul edib.

Qaynarinfo Unian-a istinadla xəbər verir ki, müvafiq qərarı 331 deputat dəstəkləyib. Parlament sədri Ruslan Stefançuk qanunu dərhal iclas zalında imzalayıb. İndi onu Prezident Zelenski təsdiqləməlidir.

Sənədə görə, baş prokuror və onun müavinləri SAP prokurorlarına göstəriş verə bilməyəcək. Antikorrupsiya prokurorluğunun əməkdaşları yalnız idarənin rəhbərinə, onun birinci müavininə və müavinlərinə tabedir.

Həmçinin baş prokurora NABU detektivlərinə göstəriş vermək qadağan olunur. Bununla belə, baş prokuror istintaq orqanlarından istintaq materiallarını təqdim etmələrini tələb edə bilər və bunun icrası üçün müddət müəyyən edə bilər. Bundan başqa, antikorrupsiya qurumlarının əməkdaşları digər hüquq-mühafizə orqanlarının əməkdaşları kimi iki ildən bir yalan detektoru (poligraf) testindən keçməlidirlər.

Prezident Vladimir Zelenski jurnalistlərlə söhbətində izah edib ki, bu, xüsusilə Rusiyada və ya müvəqqəti işğal olunmuş ərazilərdə qohumları olan antikorrupsiya əməkdaşlarına aid olacaq.

Bundan əlavə, NABU və SAP əməkdaşları, eləcə də digər hüquq-mühafizə orqanlarının əməkdaşları FSB-yə və ya RF-yə mümkün yardım ehtimalına görə SBU tərəfindən yoxlanılacaqlar. Xüsusi xidmət orqanı bu yoxlamanı qanunun qüvvəyə mindiyi gündən etibarən altı ay ərzində həyata keçirməlidir.

İzah qeydlərində vurğulanır ki, qanun layihəsi SAP-ın statusunu möhkəmləndirir və ona NABU-nun səlahiyyətində olan cinayətlərin istintaqına prosessual rəhbərlik etmək səlahiyyəti verir.

Bu işlər yalnız obyektiv hallar olduqda digər hüquq-mühafizə orqanlarına verilə bilər. Belə hallar yalnız hərbi vəziyyət dövründə NABU-nun fəaliyyətini və istintaqı mümkünsüz edən vəziyyətlər ola bilər. Bu halda işlərin ötürülməsi barədə qərarı SAP rəhbəri və ya Baş prokuror qəbul edə bilər.

Bu zaman Mariinski parkında etiraz edənlər qanunun qəbulunu alqışlarla qarşılayıblar.

22 iyulda Ali Rada elə bir qanuna səs vermişdi ki, bu, Kiyevdə və bir sıra şəhərlərdə etiraz aksiyalarına səbəb olmuşdu. Söhbət Baş Prokuror Aparatına NABU və SAP-ın işi ilə bağlı ayrıca səlahiyyətlər verən qanun layihəsindən gedirdi.

Beynəlxalq reaksiyanın və etirazların ardından Prezident Zelenski "hüquq-mühafizə sistemini gücləndirəcək, antikorrupsiya infrastrukturunun müstəqilliyini və effektivliyini təmin edəcək” yeni qanun layihəsini hazırladığını elan etdi. Sənəd sürətlə parlamentə təqdim olundu və 30 iyulda profil komitə onun həm birinci, həm də yekun oxunuşda qəbulunu tövsiyə etdi.

Alpər


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->