34 yaşlı xorvatiyalı futbolçu Filip Ozobiç "Turan Tovuz”la müqavilə bağlayıb. Onunla anlaşma 1+1 sistemiylə imzalanıb. Yəni ki, tərəflər bir-birindən razı qalsalar, anlaşmanın müddəti uzadılacaq. Həmin vaxt da Ozobiçin 35 yaşı olacaq. Xorvatiyalı olsa da, Azərbaycan pasportu da var, bir neçə oyunda millimizin də şərəfini qoruyub. İnsafən, pis futbolçu da deyildi. Amma yaş özünü göstərdi. Heç də təsadüfi deyil ki, ötən mövsüm onun forma geyindiyi "Neftçi” Premyer Liqada 6-cı oldu. Samir Abasov da ondan narazı qaldığından futbolçuya yeni müqavilə təklif etmədilər.
Mətbuatda gedən xəbərlərdə qeyd olunur ki, Ozobiçə "Sumqayıt”dan da təklif var imiş. Amma "Turan Tovuz”un 200 min manatlıq təklifi Filip üçün daha cəlbedici olub və üstünlüyü qərb təmsilçisinə verib. Xorvatiyada dünyaya gələn futbolçunun karyerasının son 9 ili Azərbaycanla bağlıdır. "Turan Tovuz”da müqavilənin sonuna qədər oynasa, bu müddət 10 ilə çatacaq. Yetərincə ciddi rəqəmdir. Onun "Qəbələ”dəki və "Qarabağ”dakı karyerası xüsusiylə uğurlu alındı, geyindiyi formanın haqqını verə bildi. İndi yaşın da təsiri ilə geriləyib, səviyyəsi aşağı düşüb. Buna baxmayaraq, Azərbaycanda yenə ona tələbat var, klublarımız 34 yaşlı futbolçu üçün yarışa girir, pul kisəsinin ağzını açır. Heç şübhəsiz ki, Ozobiçə vətəni Xorvatiyada "Turan Tovuz” qədər pul təklif edən olsaydı, o da karyerasının son illərini vətənində keçirərdi. Lakin belə təklif yoxdur, Ozobiç də gününü Azərbaycanda keçirir. Özünün ikinci vətənində.
Mən əsla onu qınamıram, nə də aldığı pulda gözüm yoxdur. Verirlər, o da alır. Problem Ozobiçdə deyil, problem bizim özümüzdədir. Həmin problem də ondan ibarətdir ki, biz özümüz Ozobiç səviyyəsində futbolçu yetişdirə bilmirik. Ona görə də 34 yaşlı xorvata ehtiyac duyuruq, klublarımız onun uğrunda mübarizə aparır. Hələ Ozobiç yaxşıdır, adamın pis-yaxşı keçmişi var. İndi yaşı çox olsa da, yaxşı günləri gözümüzün önündə olub. Dərd orasıdır ki, legioner limitinin də ləğvi ilə Azərbaycan klubları dünyanın dörd bir yanından yararlı-yararsız legionerləri ölkəmizə gətirirlər. Doğru-düzgün futbol məktəbi keçməyən yerlilərin onlarla rəqabət aparması mümkünsüzdür. Digər yandan da kim öz ayranına turş deyəcək, hansı məşqçi legioneri ehtiyatda saxlayıb, yerli futbolçuya şans verəcək?!
Zərbənin Azərbaycan futboluna, milli komandalarımıza dəyəcəyi isə şübhəsizdir. Əvvəllər legioner limiti var idi, komandalar ən azından yerli qapıçı axtarırdılar, gənc qapıçıları şans verməkdə maraqlı olurdular ki, limitdən ön xətdə faydalansınlar. İndi bu maneə də aradan qalxıb. Yay fasiləsində heyətinə 10 yeni futbolçu qatan "Neftçi”nin hələlik sonuncu transferi qapıçı oldu, bosniyalı Kenan Piriç "ağ-qaralar”a keçdi. Bu isə o deməkdir ki, millimizin qapıçısı Rza Cəfərovu da çətin günlər gözləyir. Özünə yeni klub tapmasa, vaxtının çoxunu ehtiyat oyunçular skamyasında keçirəcək. Bəs bizim millinin qapısında kim dayanacaq, "çərçivə”ni kimə etibar edəcəyik?! Bu sualın cavabını mən də bilmirəm. Bildiyim odur ki, fəlakət gəlirəm deyir...
Amal Abuşov
Şərhlər