Mərkəzi Asiyada yerləşən və artıq demək olar ki, tamamilə qurumuş Aral dənizinin altındakı Yer mantiyası yuxarı qalxmağa davam edir. Alimlər bu prosesi keçən əsrin 1960-cı illərində baş vermiş və "səssiz Çernobıl" adlandırılan ekoloji fəlakət nəticəsində dənizin suyunun buxarlanması ilə əlaqələndirirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Live Science" jurnalında dərc olunan araşdırmada deyilir.
Araşdırmaya görə, son 80 ildə Aral dənizi 1,1 milyard ton su itirib. Bu miqdar, təxminən 150 Böyük Giza piramidasının ümumi çəkisinə bərabərdir. Bu kütlə itkisi, yer qabığının kiçik ölçüdə "geri sıçramasına" səbəb olub.
Yeni Zelandiyanın Vellinqton şəhərindəki Viktoriya Universitetinin Yer elmləri üzrə dosenti Saymon Lembin sözlərinə görə, suyun çəkisi torpaq qatına təzyiq göstərdiyindən, onun çəkisinin itməsilə həmin qat yuxarıya doğru hərəkət etməyə başlayıb:
"Çöküntü süxurlarının altına təzyiq göstərən su çəkisi azaldıqca, bu süxurlar ilkin dərinliyin kiçik bir hissəsinə qədər yuxarı qalxır".
Süni peyklərlə aparılan məsafədən müşahidə üsulu sayəsində alimlər Aral dənizinin yerləşdiyi ərazidəki torpaq qatında baş verən bu cüzi dəyişiklikləri qeydə alıblar. Onların müşahidələrinə əsasən, qurumuş dənizin ətrafındakı quru ərazilərdə torpaq illik təxminən 7 millimetr yüksəlir.
2016-2020-ci illər arasında aparılan müşahidələr Aral dənizinin mərkəzindən 500 kilometrə qədər olan radiusda torpaq səthinin tədricən şişdiyini göstərib. Lembin izahına görə, Aral dənizi heç vaxt çox dərin olmasa da, kifayət qədər geniş idi və bu genişlik yer qabığında dərinliklərə qədər hiss edilən təzyiq yaratmaq üçün kifayət edirdi:
"Yer qabığının sərt, soyuq təbəqəsi belə geniş bir su hövzəsinin ağırlığını daşıya bilmədiyindən, isti və zəif süxur qatına doğru batırdı".
Aparılan tədqiqatlar göstərir ki, Aral dənizindəki bu geoloji dəyişikliklər yalnız regionun ekoloji deyil, həm də geofiziki strukturuna uzunmüddətli təsirlər göstərir. Bu isə bir daha sübut edir ki, ekoloji fəlakətlər onilliklər sonra da Yer səthində davam edən dəyişikliklərə səbəb ola bilər.
Aydın
Şərhlər