"Budapeşt atdığı addımları Avropa İttifaqının ali qanunlarına uyğunlaşdırdığından sözügedən qurum Orbanın nümayişkəranə hərəkətlərinə qarşı sərt cavablar verə bilmir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Macarıstanın əksər hallarda Avropa İttifaqının Ukrayna ilə bağlı qərarlarına qarşı çıxması fonunda Aİ-nin bu tip hallara qarşı heç bir önləyici addımlar atmamasını şərh edərkən deyib.
"Ukrayna təcavüzkar müharibə ilə üz-üzə olsa da, təəssüf ki, Qərbin yanaşması heç də ədalətli deyil. Macarıstan bu günlərdə Avropa İttifaqının sözdə sülh, əməldə isə müharibə fondunun Ermənistana ayırdığı vəsaitə veto qoydu. Budapeştin Aİ-nin Ukrayna ilə bağlı qərarlarına əksər hallarda əngəl olması əslində Rusiyanın əlinə oynamaqdan daha çox, Macarıstan dövlətinin milli maraqlarına xidmət edir”, deyə Taleh Əliyev bildirib.
Ekspert düşünür ki, hazırda Aİ daha çox Fransanın ambissiyasının qurbanına çevrilmiş bir vəziyyətdədir:
"Macarıstan isə öz milli maraqlarını Parisin geosiyasi ambissiyalarına qurban vermək istəmir. Ona görə də zaman-zaman Aİ-nin qərarlarına veto qoyur”.
Aİ-nin Macarıstanın mövqeyinə təsir göstərmək üçün hər hansı bir mexanizmdən istifadə etməsinə gəldikdə, həmsöhbətimiz qeyd edir ki, Budapeşt atdığı addımları həm qurumun ali qanunlarına uyğunlaşdırdığından, həm də bağlı qapılar arxasında Ukraynaya verilən dəstəyin daha çox Fransanın geosiyasi maraqlarına xidmət edən addım olaraq atıldığını əsaslandırdığından Aİ də Macarıstanın nümayişkaranə hərəkət və tələblərinə qarşı daha sərt, radikal addımlar ata bilmir.
Qeyd edək ki, Ukrayna müharibəsində daha çox Moskvaya yaxınlığı ilə seçilən Orbanın baş nazir olduğu Macarıstan öz ərazisindən Qərb qoşunlarının Ukraynaya göndərilməsinə icazə verməyəcəyini bəyan edib.
Bu barədə Avropa Şurası Parlament Assambleyasının üzvü və Macarıstanın "Vətənimiz” partiyasının lideri Laslo Toroçkai "İzvestiya”ya verdiyi müsahibədə bildirib.
"Biz NATO və ya Aİ qoşunlarının Ukraynaya göndərilməsi ideyasını tamamilə rədd edirik, çünki bu, Üçüncü Dünya Müharibəsinin başlanmasına səbəb ola bilər. Heç bir halda belə bir missiya üçün Macarıstan ərazisinin istifadəsinə razılıq verməyəcəyik,” deyə siyasətçi vurğulayıb.
Macarıstan demək olar ki, bütün məsələlərdə sanki Rusiyanın Aİ-də "səlahiyyətli nümayəndəsi" kimi çıxış edir. Aİ-nin Ukraynaya dəstəklə bağlı bütün qərarlarını bloklayır. Aİ rəhbərliyi isə bu fonda Macarıstanı tutduğu mövqedən çəkindirmək üçün heç bir önləyici məqama əl atmır. Sadəcə olaraq, Aİ-nin Macarıstana ünvanlandığı vəsaitləri bloklamaqla kifayətlənirlər. Lakin təcrübə göstərir ki, Budapeşt buna rəğmən yenə də öz siyasətini davam etdirir.
Rüfət Sultan
Şərhlər