Kamçatka yarımadasında baş verən 8.8 bal gücündəki zəlzələ dünyanın ən güclü və dağıdıcı təkanlarının arxasındakı geoloji mexanizmləri yenidən gündəmə gətirib.
Qaynarinfo xəbər verir ki, BBC-nin iqlim və elm müxbiri Esme Stallard tərəfindən hazırlanan təhlilə əsasən, bu bölgədə baş verən plitə hərəkətləri "yox olan plitə" anlayışı ilə izah oluna bilər.
Gizli geoloji mexanizm: "Yox olan" plitə nə deməkdir?
Yer səthi bir-birinə qarşı hərəkət edən nəhəng tektonik plitələrdən ibarətdir. Kamçatka bölgəsində Sakit okean plitəsi, Ohotsk mikroplitəsi ilə qarşılaşır və daha ağır olduğu üçün onun altına doğru sürüşür. Bu proses zamanı yerin dərin qatlarına doğru enən okean plitəsi temperaturun təsiri ilə qismən əriyir. Bu hadisə plitənin "yox olması” kimi qəbul edilir - amma bu, onun tamamilə itməsi demək deyil.
Esme Stallardın təhlilinə görə, bu proses daim hamar getmir. Plitələr bir-birinə sürtündükcə, yığılan enerji bir anda sərbəst qalaraq güclü "meqasıxışma” (megathrust) zəlzələlərinə səbəb olur. Kamçatkada yaşanan son təkan da bu mexanizmlə baş verib.
"Eyni prosesi Aralıq dənizində də müşahidə edirik"
Mövzu ilə bağlı danışan Türkiyənin Qazi Universitetinin professoru Süleyman Pampal "yox olan plitə" anlayışını belə izah edir:
"Bu ifadə ilə plitənin tamamilə itməsi deyil, yerin dərinliyinə enərək əriməsi nəzərdə tutulur. Məsələn, Afrika plitəsi Anadolu plitəsinin altına girir və bu hərəkət Egey dənizi altına qədər uzanır. Aşağı enən plitənin ucu yüksək temperaturla qarşılaşaraq əriməyə başlayır. Bu ərimiş maddə yuxarı qalxaraq vulkanik fəaliyyətlərə səbəb olur. Bu zaman plitənin bir hissəsi eksilmiş olur, amma tamamən yox olmur".
Bu mexanizm hazırda Aralıq dənizində - xüsusilə Egey və Şərqi Aralıq dənizi bölgəsində də aktiv şəkildə müşahidə olunur.
Bu sıxılma nəyə səbəb olur?
Süleyman Pampal bu tipli plitə qarşılaşmalarının yalnız vulkanik fəaliyyətə deyil, həm də böyük zəlzələlərə səbəb olduğunu bildirir:
"Alta sürüşən və üstündə yerləşən plitələr arasında sərhəd boyunca sürtünmə yaranır. Bu enerji bir anda boşaldığında meqasıkışma zəlzələləri meydana gəlir. Sakit okeanında bu tipli plitələr arasında yerləşən okean ortası dağ silsilələri 3000 metrə qədər yüksəklikdə ola bilər. Burada tez-tez lav çıxışları və zəlzələlər baş verir".
Təhlükəli ehtimal: 7.8 bal gücündə afterşoklar ola bilər
Süleyman Pampal bölgədə gözlənilən afterşokların böyüklüyünə də diqqət çəkib:
"Afterşoklar nəzəri olaraq 7.8 bal gücünə qədər çata bilər. Bu, mütləq olacaq demək deyil, lakin bu ehtimalı gözardı etmək də doğru deyil. Bölgədə hələ də aktiv plitə sərhədləri mövcuddur və bu da yeni təkanlara zəmin yaradır".
Qeyd edək ki, Kamçatkada baş verən bu zəlzələdən sonra ABŞ, Yaponiya, Çili, Vanuatu, Solomon Adaları və Papua Yeni Qine kimi ölkələrdə sunami xəbərdarlıqları verilib. Ümumilikdə 17 Sakit okean ölkəsində sunami riski səbəbilə rəsmi xəbərdarlıqlar olunub..
Aydın
Şərhlər