Xəbər lenti

Ən tənha insanlar hansı ölkədə yaşayır?
Dünya 22:10 22.04.2025

Ən tənha insanlar hansı ölkədə yaşayır?

Dünyanın ən tənha insanları ABŞ və Niderlandda yaşayır. Maraqlıdır ki, əvvəllər yaşlı insanların daha tənha olduğu güman edilsə də, bu tədqiqat fərqli faktları üzə çıxarıb. Məlum olub ki, ən yüksək tənhalıq hissi məhz orta yaşlı insanlar (45-65 yaş) arasında müşahidə olunur.

Qaynarinfo bu barədə "Aging & Mental Health" (AMH) jurnalında dərc olunmuş beynəlxalq araşdırmaya istinadən xəbər verir. 

Tədqiqatçılar Avropa, Şimali Amerika və Yaxın Şərqdə yerləşən 29 ölkədən 50-90 yaş arası 64 mindən çox insanın məlumatlarını təhlil ediblər. Nəticələr göstərib ki, əksər ölkələrdə tənhalıq yaş artdıqca yüksəlsə də, ABŞ-da bunun əksi müşahidə olunur: yaşlılar yox, orta yaşlılar özlərini daha tənha hiss edirlər.

Tədqiqatın rəhbəri, Emori Universitetinin professoru doktor Robin Riçardson bildirib: "Adətən insanlar yaşlandıqca daha tənha olduqları düşünülür. Ancaq ABŞ-da tənhalığın zirvəsi orta yaşda baş verir".

Tənhalığın əsas səbəbləri kimi işsizlik, həyat yoldaşının olmaması, depressiya və sağlamlıq problemləri göstərilir. Lakin bu faktorların təsiri ölkədən ölkəyə fərqli şəkildə özünü büruzə verir.

Tədqiqatda həmçinin qeyd olunur ki, təxminən 20% hallarda tənhalığın səbəbini müəyyənləşdirmək mümkün olmayıb və bu halların demək olar ki, hamısı orta yaş qrupuna aiddir. Alimlər bu fenomeni belə izah edirlər: orta yaşda insanlar eyni anda həm iş yükü, həm uşaqlara və yaşlı valideynlərə qayğı, həm də şəxsi həyat və ünsiyyət üçün vaxt çatışmazlığı ilə üzləşirlər.

Tədqiqatın həmmüəllifi, Çilidən olan doktor Esteban Kalvo bu barədə deyib: "Biz tənhalığı əsasən yaşlılarla və ya yeniyetmələrlə əlaqələndirməyə öyrəşmişik, lakin orta yaşlı böyüklər də unudulmuş, lakin həssas bir qrupdur. Tənhalıqla mübarizə üçün fərdiləşdirilmiş yanaşmalara - psixoloji dəstəkdən tutmuş, tək yaşayan və ya işləməyən insanlara sosial yardımadək - ehtiyac var".

Alimlər vurğulayırlar ki, tənhalıq yaşlılığın labüd bir hissəsi deyil, müəyyən həyat şəraitlərinin nəticəsidir. Əgər ölkələr öz vətəndaşlarının mədəni və sosial xüsusiyyətlərini nəzərə alsalar, bu problemi daha təsirli şəkildə həll edə bilərlər.

Samir

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->