Böyük Britaniya Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyalar paketi tətbiq edib.
Qaynarinfo "Politico” nəşrinə istinadla xəbər verir ki, bu dəfə Britaniya hökuməti Rusiya Federasiyasına oyun konsollarının idarəetmə cihazlarının (kontrollerlərin) ixracını qadağan
edib. Qeyd olunur ki, bu cihazlar Ukraynadakı cəbhə xəttində pilotsuz uçuş aparatlarının (PUA) idarə olunması üçün istifadə olunur.
Ümumilikdə yeni sanksiyalar paketi Rusiya ilə ticarətə dair 150 məhdudiyyəti əhatə edir. Bununla yanaşı, Rusiya üçün bir sıra texnologiyalara, o cümlədən yeni neft və qaz yataqlarının axtarışı və istismarı üçün nəzərdə tutulan proqram təminatına da çıxış qadağan olunub.
"Biz bu gün bütün imkanlarımızdan istifadə edərək Rusiya hərbi maşınını boğmağa, ukraynalıların həyatını xilas etməyə və Britaniya biznesini Rusiya tərəfindən sui-istifadədən qorumağa çalışırıq”, – deyə Britaniyanın sanksiyalar üzrə naziri Stiven Doti bildirib.
"Politico” qeyd edir ki, bu sanksiyalar paketi əsasən Rusiyanın müdafiə və enerji sektorlarının innovativ proqram təminatı və texnologiyalara çıxışının qarşısını almağa yönəlib. Eyni zamanda, Rusiya tərəfindən dronların idarəsində istifadə edilən oyun konsollarının kontrollerləri də bu qadağaya daxil edilib.
Sanksiyalar həmçinin "Ümumi yüksək prioritetli məhsullar”a aid malların istehsalında istifadə olunan texnologiyaların ötürülməsini də əhatə edir. Buraya gücləndiricilər və sxemlər kimi elektron məhsullar daxildir. Britaniya hökuməti bu məhsulları Rusiya hərbi sənayesi üçün "həyati əhəmiyyətli” hesab edir.
Yeni paket çərçivəsində həmçinin kimyəvi maddələrin, elektronikanın, maşınların və metallurgiya məhsullarının da Rusiyaya ixracı qadağan olunub. Məqsəd – Rusiyanın hərbi və sənaye potensialını zəiflətməkdir.
"Rusiyanın enerji gəlirlərini kəsmək Putinin hərbi büdcəsini boşaldacaq – məhz bu səbəbdən yeni neft və qaz ehtiyatlarından gəlir əldə etməyə yönəlik mürəkkəb proqram təminatının satışını dayandırırıq. Beləliklə, Britaniya təcrübəsinin Rusiya hərbi maşınına dəstək verməsinə imkan verməyəcəyik. Eyni zamanda, dronların idarəsi üçün istifadə edilən oyun kontrollerlərinin Rusiyaya tədarükünü tamamilə dayandırırıq”, – deyə Doti izah edib.
Sanksiyaların Rusiya üçün nəticələri
Aviasiya eksperti Boqdan Dolinçenin sözlərinə görə, tətbiq edilən sanksiyalar Rusiya hərbi aviasiyasına əhəmiyyətli dərəcədə təsir göstərib. O bildirib ki, Qərb komponentlərinin çatışmazlığı səbəbindən Rusiyada hərbi təyyarə istehsalının həcmi hər il azalır.
"Sanksiyalar Rusiya üçün yeni təyyarələrin istehsalını, onların təmir və istismarını ciddi şəkildə məhdudlaşdırır”, – deyə ekspert vurğulayıb.
Bundan əlavə, Ukrayna Hərbi Kəşfiyyatı (QUR) ilk dəfə olaraq Rusiya silahlarında Hindistan istehsalı olan komponent aşkarlandığını bildirib. Bu isə, kəşfiyyatın fikrincə, Rusiyanın sanksiyalara məruz qalmış ölkələrdən asılılığını azaltmağa çalışdığını göstərir.
Alpər
Şərhlər