ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Rusiya ilə Ukrayna müharibəsinin dayandırılması barədə razılığa gəliblər və indi məsələ Ukrayna prezidenti Vladimir Zelenskinin qərarından asılıdır. Bununla yanaşı, Tramp Zelenski ilə razılaşmağın "gözlədiyindən daha çətin” olduğunu vurğulayıb.
Qaynarinfo bu barədə "Unian"a istinadla xəbər
verir.
"Mənim fikrimcə, Rusiya buna hazırdır. Bir çoxları deyirdi ki, Rusiya hər şeyə getməyə hazırdır. Mən isə düşünürəm ki, biz Rusiya ilə razılaşma əldə etmişik. İndi biz Zelenski ilə razılaşmalıyıq... Düşünürdüm ki, onunla razılığa gəlmək daha asan olacaq, amma bu, gözləniləndən çətin oldu”, – deyə Tramp Oval kabinetdə jurnalistlərlə söhbətində bildirib.
Ancaq o daha sonra əlavə edib: "Fikrimcə, biz hər ikisi ilə – həm Putinlə, həm də Zelenski ilə razılaşmaya nail olmuşuq”.
Eyni zamanda Tramp Co Bayden administrasiyasını Ukraynaya dəstək üçün çəkilən böyük xərclərə görə tənqid edib.
"Baydenin ucbatından biz yüz milyardlarla dollar xərcləyirik. Bayden bu müharibəyə heç yol verməməli idi. Biz artıq Ukraynaya 350 milyard dollara qədər vəsait ayırmışıq və bu pulları elə burada, ölkə daxilində istifadə edə bilərdik”, – deyə o bildirib.
ABŞ prezidenti həmçinin Papa Fransiskin dəfn mərasimində iştirak edəcək Zelenski ilə görüşüb-görüşməyəcəyi sualına cavab verməkdən imtina edib və jurnalistlərə bildirib: "Bilmirəm, bilmirəm, o dəfnə gedəcək, ya yox”.
Londonda aparılan danışıqlarla bağlı suala cavab olaraq Tramp bildirib: "Məncə, onlar uğurlu keçdi”. O əlavə edib ki, nə Ukrayna prezidenti Vladimir Zelenski, nə də Rusiya lideri Vladimir Putin onun "sevimlisi” deyil və o "sadəcə olaraq müharibənin bitməsini istəyir”.
Alpər
Şərhlər