Xəbər lenti

Avropanın Ukrayna üzrə danışıqlarda əsas
Dünya 13:03 24.04.2025

Avropanın Ukrayna üzrə danışıqlarda əsas "qırmızı xətlər"i açıqlandı - FT

Donald Trampın administrasiyası Kiyevə sülh razılaşması planı təqdim edib. Bu plan Moskva üçün olduqca əlverişli şərtləri əhatə edir və beynəlxalq hüququ pozaraq ABŞ-ın Krım üzərində Rusiya suverenliyini tanımasını nəzərdə tutur.

Qaynarinfo xəbər verir ki, bununla belə, "Financial Times”ın yazdığına görə, Avropa rəsmiləri bildiriblər ki, Avropa paytaxtları ABŞ-ın Krımı Rusiyanın bir hissəsi kimi tanımasını və ya Kiyevə bu yöndə təzyiq göstərməsini dəstəkləməyəcək. Onlar Ukraynanın suverenliyinə zidd olan heç bir addım atmayacaqlarını vurğulayıblar.

"Krım və Ukraynanın gələcəkdə NATO-ya üzvlük arzusu bizim üçün qırmızı xətlərdir, – deyə Aİ-nin yüksək rütbəli ikinci diplomatı bildirib. -  Biz bu prinsiplərdən imtina edə bilmərik”.

Avropa diplomatları qeyd ediblər ki, ABŞ bu məsələdə birtərəfli hərəkət etsə, bu, Rusiyanın təcavüzünə verilmiş mükafat kimi qiymətləndiriləcək və Moskvanı Gürcüstan, Moldova və Baltikyanı ölkələr kimi digər keçmiş sovet respublikalarına qarşı iddialarını davam etdirməyə təşviq edəcək. Baltikyanı ölkələr həm NATO, həm də Aİ üzvüdür.

Avropalı rəsmilərdən birinin sözlərinə görə, Tramp administrasiyasına artıq bildirilib ki, Avropa paytaxtları üçün Krımı Rusiyanın ərazisi kimi tanımaq "qeyri-mümkündür”. Həmçinin NATO-nun aparıcı Avropa ölkələrinin Vaşinqtonu bu yöndə birtərəfli addım atmaqdan çəkindirməli olduğu qeyd olunub.

Eyni zamanda, "Financial Times” yazır ki, Aİ daxilində mövcud fikir ayrılıqları dərinləşə bilər. Xüsusilə də ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etmək qərarına gəlsə, bu, blok daxilində bu məsələyə münasibətdə ciddi gərginlik yaradacaq.

"Vəziyyət yaxşı görünmür. ABŞ-ın Krımı Rusiyaya aid etmək istiqamətində atacağı hər hansı addım və ya Avropa paytaxtlarından Moskva əleyhinə sanksiyaların yumşaldılmasını tələb etməsi Aİ-nin birliyini sıradan çıxara bilər... Bu, çox çirkli görünür”, – deyə avropalı rəsmilərdən biri bildirib.

Xatırladaq ki, ABŞ Ukraynada müharibənin dayandırılması üçün "sülh planı” təklif edib. Bu plan Krımın Rusiya ərazisi kimi tanınmasını və 2022-ci il işğalından sonra Rusiyanın nəzarətində olan demək olar ki, bütün ərazilərin qeyri-rəsmi olaraq Rusiyaya məxsus kimi qəbul edilməsini nəzərdə tutur.

Ukrayna prezidenti Vladimir Zelenski isə bildirib ki, Ukrayna Krımın Rusiya tərəfindən hüquqi işğalını heç vaxt tanımayacaq.

"Burada danışılacaq heç nə yoxdur. Bu, bizim Konstitusiyamızdan kənardadır. Bu bizim ərazimizdir, Ukrayna xalqının torpağıdır”, – deyə o vurğulayıb.

Qeyd edək ki, dünən Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Avropanın Ukraynada müharibənin dayandırılması üçün ABŞ-a təqdim etdikləri "qırmızı xətt"in nədən ibarət ola biləcəyi haqda danışarkən bunları deyib.

"Avropa tərəfinin "qırmızı xətt" deyəndə ilk növbədə Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyanın ərazisi kimi tanınmaması məsələsi dayanır. Moskva Krımın Rusiya ərazisi olmasının həm ABŞ, həm də Ukrayna tərəfindən tanınmasını istəyir. Habelə, 4 vilayət, Donetsk, Luqansk, Zaporejye və Xersonun bütün ərazilərinin də Rusiya ərazisi kimi tanınmasını istəyir. Düşünürəm ki, Avropa "qırmızı xətlər" deyəndə bunları nəzərdə tutur. Çünki bu məsələdə güzəştə gedilsə, Rusiya perspektivdə güclənərək iştahını Avropaya doğru daha da artıra bilər. Ona görə də ərazi məsələsi Avropa üçün "qırmızı xətdir".

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->