Xəbər lenti

Ukraynalılar mərhum Papadan müharibə ilə bağlı bəyanatlarına görə incikdirlər -
Dünya 11:40 22.04.2025

Ukraynalılar mərhum Papadan müharibə ilə bağlı bəyanatlarına görə incikdirlər - "Reuters"

21 aprel tarixində vəfat edən Roma Papası Fransiskin Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyi Ukraynalı katoliklərdə inciklik yaradıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” agentliyi yazıb.

Lvovda katolik kilsəsi yaxınlığında toplaşan inanclılar Papa Fransiskin ölümünə görə kədər ifadə etsələr də, onun – onların fikrincə – Rusiya ilə müharibədə Ukraynanı dəstəkləməməsindən doğan acını gizlətməyiblər.

2024-cü ildə İsveçrə mediasına verdiyi müsahibədə pontifik Ukraynanın "ağ bayraq qaldırmaq cəsarətinə” sahib olması və müharibəyə son qoymaq üçün Rusiya ilə sülh axtarması lazım gəldiyini bildirmişdi.

Bu fikirlər Ukrayna hakimiyyətinin və onun müttəfiqlərinin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edirdi. Onlar hesab edirlər ki, Rusiya dayandırılmalıdır, çünki onun işğalı təhrik edilmədən baş verib.

"Təəssüf ki, onun tərəfindən bəzi subyektiv qiymətləndirmələr oldu”, – deyə Ukrayna ordusunun veteranı Andrey Beni bildirib.  
"Bunu şərh etmək fikrində deyiləm. Ümid edirəm ki, növbəti Papa daha müdrik, daha savadlı və daha yaxşı olacaq”, – o əlavə edib.

Lvov sakini, 57 yaşlı Oleq Yakimyak kilsədən çıxarkən etiraf edib ki, bəzən Papadan eşidilən fikirlər acı olsa da, onun müsbət əməlləri daha üstün gəlib:  
"Başa düşürük ki, onun etdiyi yaxşı işlər, bizə acı verən sözlərindən daha çoxdur”, – deyə o vurğulayıb.

Kilsənin digər bir parişioneri Marta Binişin isə ümid etdiyini bildirib ki, yeni seçiləcək Papa Ukraynaya daha çox dəstək verəcək:  

"Ümid edirik ki, növbəti Papada biz daha çox işıq, Ukrayna və ukraynalılar üçün bir az da çox yardım görəcəyik”, – deyə o deyib.

Ukrayna parlamentinin deputatı Sofiya Fedina isə "Telegram”da Papa Fransiskin xatirəsini yad etsə də, bunu da əlavə edib:  
"Mən özüm də bəzi açıqlamalara tənqidi yanaşdım, çünki cinayət törədilən anda qurbanla cinayətkarı eyniləşdirmək və barışdırmaq olmaz. Ümid edirəm ki, növbəti Papa ədaləti müdafiə edəcək!”

Qeyd edək ki, Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücum etdikdən sonra Papa Fransisk dəfələrlə bu müharibəni "ədalətsiz təcavüz” adlandırıb və ictimai çıxışlarında sülh çağırışları edib. O, həmçinin Moskva Patriarxı Kirili Kremlin maraqlarına xidmət etməməyə çağırmışdı.

Bununla yanaşı, onun Vladimir Putinə birbaşa ittiham irəli sürməməsi və I Pyotrla II Yekaterinanın "böyük Rusiya imperiyası”na dair fikirlərini xatırlatması Ukraynada böyük narazılıq doğurmuşdu. Katolik yepiskopları Romada pontifikə bildiriblər ki, bu kimi bəyanatlar onlar üçün dərin ağrı mənbəyi olub.

Xatırladaq ki, Ukrayna əhalisinin təxminən 10%-i, əsasən ölkənin qərbində – xüsusilə Lvovda – katoliklərdən ibarətdir.

Rusiyanın özü isə müharibəni NATO-dan qaynaqlanan təhlükəyə qarşı məcburi cavab və Kiyevdəki "neonasist rejiminə” qarşı mübarizə adlandırmaqda davam edir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->