1997-ci ildə Ceyms Kemeronun rejissoru olduğu, baş rollarda Keyt Vinslet və Leonardo DiKaprionun oynadığı "Titanik" filmi 1912-ci ildə baş verən fəlakətin illər sonra yenidən gündəmə gəlməsində mühüm rol oynayıb. Filmdə "Titanik"in kapitanı Edvard Con Smitin qəhrəmancasına ölüm səhnəsi yadda qalan anlar arasındadır. Ancaq 15 aprel 1912-ci ildə baş verənlərin gerçəkdə bununla heç bir əlaqəsi yoxdur.
Kapitan özünü vurubmu?
Qaynarinfo xəbər verir ki, qəzadan üç gün sonra, 18 aprel 1912-ci ildə ABŞ-da yayımlanan "Los Angeles Express" qəzeti "Kapitan E. C. Smit özünü vurdu" başlıqlı xəbər yayıb. Ertəsi gün "Daily Mirror" qəzeti də oxşar bir məlumatla çıxış edib. Həm Nyu-Yorkda, həm də Londonda aparılan istintaqlarda sağ qalan sərnişinlərin ifadələri bu versiyanı gücləndirib. Bəziləri kapitanın çoxlu spirtli içki qəbul etdiyini, digərləri isə buz dağlarına dair xəbərdarlıqları görməzlikdən gəldiyini iddia edib.
O dövrün ənənələrinə görə, kapitanların şərəfli şəkildə batmaqda olan gəmi ilə birgə ölmələri gözlənilirdi. Bu səbəbdən "White Star Line" şirkətinin ulduz kapitanı və dövrünün ən yüksək maaşlı dənizçilərindən biri olan Smitin intihar etdiyi iddiaları böyük biabırçılıq kimi qarşılanıb.
Yeni kitab iddiaları alt-üst etdi
Dan Parkes tərəfindən yazılan və bu yaxınlarda yayımlanan "Titanic Legacy: The Captain, The Daughter and The Spy" adlı kitab bu mübahisəyə qəti son qoymaq niyyəti daşıyır. Parkes Smitin öz həyatına son vermədiyini, əksinə, ya boğularaq, ya da donaraq ölən 1496 nəfərdən biri olduğunu iddia edir. O, illərlə apardığı araşdırmalara əsaslanaraq, kapitanın nüfuzuna qəsdən xələl gətirildiyini, uydurma hekayələrlə haqsız yerə hədəf seçildiyini bildirir.
Bernard Hill "Titanik" filmində kapitan Smiti canlandırıb
Kitabda göstərilir ki, qəzadan 3 ay sonra Merilandda yaşayan bir kişi kapitanın hələ də sağ olduğunu iddia etmiş, daha sonra "Life" jurnalında Ohayoda yaşayan bir adam "Mən "Titanik"in kapitanıyam" demişdi. Parkes bu məlumatların cəfəngiyat olduğunu, Smitin sürət və buz dağları barədə xəbərdarlıqlara məhəl qoymadığına dair heç bir dəlil olmadığını qeyd edir.
"O, bir qəhrəman kimi öldü"
Kapitan Smitin intihar etmədiyini, əksinə qəhrəmancasına davrandığını təsdiqləyən şahidlər də var. Birinci sinif sərnişini, bankir Robert Uilyams Daniel "New York Herald" qəzetinə bildirib ki, kapitanı son dəfə gəminin körpüsündə görüb və onun suya batdığının şahidi olub. Smitin köməkçisi Artur Peyntin isə son dəfə kapitanla birgə körpüdə görüldüyü bildirilir.
Kapitan Edvard Con Smit
Xilasedici Frederik Harris "Western Daily Mercury" qəzetinə açıqlamasında, kapitanın bir uşağı qucağına alaraq qayıa çatdırdığını, lakin özü minmədiyini söyləyib. Eyni zamanda, saxta adla gəmiyə minən dələduz Corc Brebreton "Brooklyn Daily Eagle" qəzetinə verdiyi müsahibədə Smitin suda bir uşağı xilas edib, sonra isə batmaqda olan gəmiyə doğru üzməyə davam etdiyini deyib.
İntihar, yoxsa nüfuz sui-qəsdi?
Parkes intihar iddialarının əsasız olduğunu, belə ifadə verənlərin çoxunun gəmi batmadan xeyli əvvəl xilasetmə qayıqlarında olduğunu vurğulayır. O, bu iddiaların kapitanın dul həyat yoldaşı Elinor (1931-ci ildə vəfat edib) və qızı Melinin (1973-cü ildə vəfat edib) həyatlarını alt-üst etdiyini, bunun bir növ "nüfuz sui-qəsdi" olduğunu bildirir.
Parkesin fikrincə, həmin gecə həyatda qalan sərnişinlər yaşadıqları travma səbəbindən kimisə günahlandırmaq ehtiyacı hiss ediblər və bu səbəbdən Smit hədəfə çevrilib.
"Mən də onunla batacağam"
Kitabda qeyd olunur ki, Smit illər öncə bu aqibətini proqnozlaşdırmışdı. İkinci kapitan Uilyam Merdokun həyat yoldaşı Adanın gəminin hazır olmadığına dair narahatlığına cavab olaraq Smit demişdi: "Əgər dünyanın ən böyük sərnişin gəmisi batarsa, mən də onunla batacağam".
Aydın
Şərhlər