Aprelin 17-nə keçən gecə Rusiya Federasiyasının İvanovo vilayətinin Şuya şəhərində yerləşən 112-ci qvardiya raket briqadasının dislokasiya məntəqəsi yenidən hücuma məruz qalıb. Məhz bu briqada Sumıya ballistik raketlərlə zərbə endirmişdi.
Qaynarinfo xəbər verir ki, Rusiya "Telegram" kanalı ASTRA-nın məlumatına görə, pilotsuz uçuş aparatlarının 112-ci briqadanın yerləşdiyi hərbi hissəyə hücum anı şahidlər tərəfindən videoya çəkilib. Kadrlarda həmin anın görüntüləri əks olunub.
Videoda gecə hücumundan sonra Şuya şəhərində yanğının baş verdiyi görünür. Yerli sakinlər bildirirlər ki, Rusiya Silahlı Qüvvələrinin 112-ci briqadası təkrar hücuma məruz qalıb.
ASTRA geolokasiya vasitəsilə müəyyən edib ki, video çəkilişi Şuya şəhərinin Kooperativnaya küçəsində aparılıb – bu küçə hərbi hissənin düz arxasında yerləşir və 112-ci qvardiya raket briqadasının hərbi şəhərciyindən təxminən 180 metr məsafədədir.
Bununla belə, kadrlar vasitəsilə hərbi hissə ərazisində hansı binanın yandığını müəyyənləşdirmək mümkün deyil.
İvanovo vilayətinin rəhbərliyi saat 04:30 radələrində Şuya şəhərində pilotsuz uçuş aparatları ilə hücum təhlükəsi rejimi elan edib. Səhər saatlarında Rusiyanın Müdafiə Nazirliyi genişmiqyaslı PUA hücumu barədə məlumat verib. Rusiyalılar guya 71 pilotsuz aparatı vurduqlarını iddia ediblər. Lakin İvanovo vilayəti rəsmi hesabatda qeyd olunmayıb.
UNİAN-ın yazdığına görə, aprelin 13-də ruslar Sumı şəhərinin mərkəzinə ballistik raketlərlə zərbə endiriblər. Həmin hücum nəticəsində 34 nəfər həlak olub, onlardan ikisi uşaqdır. 119 nəfər isə yaralanıb.
Şəhərin mərkəzinə iki ballistik raketlə zərbə endirilib. Onlardan biri maksimum dağıdıcı gücə malik kasetli döyüş sursatı ilə təchiz olunmuşdu.
Müqəddəs bazar günü dinc əhaliyə edilən hücuma cavab olaraq, Ukrayna Silahlı Qüvvələri Sumıya görə Rusiyaya qisas alacaqlarına and içiblər. Baş Qərargah bəyan edib ki, Rusiya ukraynalıların qəzəbini və qaçılmaz cəzanı hiss edəcək.
Bununla yanaşı, 80-ci ayrı desant-hücum briqadası üzərində ''Sumıya görə” yazılmış mərmilər hazırlayıb. Hərbçilər düşməni xüsusi qəzəblə məhv edəcəklərinə söz veriblər.
Aprelin 16-da Rusiya Federasiyasının İvanovo vilayətinin Şuya şəhərində partlayışlar baş verib. Yerli sosial şəbəkə istifadəçiləri bunun pilotsuz təyyarələrin hücumu olduğunu yazıblar. Dronlar Sumıya hücum etmiş raket briqadasını hədəf alıblar.
Alpər
Şərhlər