Madat Babayan Xocalıda silahsız insanların qətlində iştirakını etiraf edib: "Səhv etmişik”
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 18-də davam etdirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev əvvəlcə prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Sonra zərərçəkmiş şəxslər sərbəst ifadə verib, dövlət ittihamını müdafiə edən prokurorlar, zərərçəkmiş şəxslərin nümayəndələri və müdafiəçilər tərəfindən onlara ünvanlanmış sualları cavablandırıblar.
Zərərçəkmiş şəxs Yaşar Əlməmmədov 1956-cı il ildə Xocalı şəhərində anadan olduğunu, orada ailəsi ilə birlikdə yaşadğını bildirib. O, təqsirləndirilən şəxslərdən Bako Sahakyanı, Arkadi Qukasyanı və Madat Babayanı tanıdığını deyib.
Y.Əlməmmədov 1992-ci il fevralın 25-də şəhərin dəmir yolu hissəsində postda olduğunu, saat 20 radələrində Xankəndi istiqamətindən gələn zirehli texnikanın şəhərin ətrafında mövqe tutmağa başladığını, saat 23 radələrində şəhərə hücum edildiyini deyib. Qeyd edib ki, gecə saatlarında Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayın iştirakı ilə şəhərə girdikdən sonra sakinlərlə birlikdə meşəyə gediblər. Erməni hərbçilərin onları atəşə tutmaları nəticəsində çox sayda insan həlak olub.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran Y.Əlməmmədov bildirib ki, fevralın 27-də Pircamal kəndi yaxınlığında onlar girov götürülərək tövləyə aparılıb, bir qədər sonra daha 50 nəfərə yaxın Xocalı sakini oraya gətirilib. Onun sözlərinə görə, əsirlərə misli görülməmiş işgəncə verilib, onu da qarın üstünə uzadaraq döyüblər. Pircamal kəndində iki gün saxlanıldıqdan sonra onlar Xankəndi şəhərinə aparılıb. Daha sonra əsirlər döyülüb işgəncə verilərək martın 1-də Əsgərana gətirilib. Burada Polis Şöbəsində yanğından mühafizənin rəisi işləmiş Karo adlı erməni dəyənəklə onu huşunu itirənə qədər döyüb.
Y.Əlməmmədov 1992-ci il martın 2-də Azərbaycan tərəfinə təhvil verilib.
Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş şəxs əsirlikdə olduğu müddətdə qolunun, barmağının, qabırğalarının, ayağının sındırıldığını və digər xəsarətlər aldığını deyib. Y.Əlmməmədov təqsirləndirilən şəxs Madat Babayanın ona süngü-bıçaqla xəsarət yetirdiyini də bildirərək deyib: "Erməni hərbçilər, şəxsən Madat Babayan özü mənə işgəncə verib. Əsir olan vaxt Madat yaxınlaşdı, mənə "sən türksən” deyib təpiklədi, sonra təhqir etdi. Üstündəki süngü bıçağı çıxarıb mənə sancdı.
Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən təqsirəndirilən şəxs qeyd edib ki, həmin vaxt Xədicə adlı qadının iki ayağını dizdən aşağı kəsmişdilər. Xocalıda Axıska türkləri də yaşayırdılar. Madat Babayan, tərkibində olduğu silahlı dəstəsindəki hərbçilər Axıska türkü olan iki qardaşı gözümüzün qabağında güllələyib öldürdülər. Onlar azərbaycanlıların bəzilərini aparıb qəbirlərin üstündə başlarını kəsirdilər, bəzilərini kilsədə asırdılar”.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavab olaraq Y.Əlməmmədov qardaşı Faiq Əlməmmədovun erməni hərbçiləri tərəfindən öldürüldüyünü, digər qardaşı Namiq Əlməmmədovun isə əsir götürüldüyünü, onun indiyədək itkin olduğunu deyib.
Məhkəmədə zərərçəkmiş şəxs barəsindəki tibbi-ekspertiza rəyi də elan olunub.
Daha sonra zərərçəkmiş şəxs Sovet Allahverdiyev ifadə verib. 1954-cü ildə Xocalıda anadan olduğunu və orada yaşadığını bildirən S.Allahverdiyev atasının, iki qardaşının və qardaşı oğlunun Xocalı soyqırımı zamanı itkin düşdüyünü, daha iki qardaşının və anasının isə girov götürüldüyünü deyib.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavab olaraq zərərçəkmiş şəxs bildirib: "Onlar fevralın 25-dən 26-na keçən gecə bütün yolları bağlamışdılar ki, çıxa bilməyək, azərbaycanlı olduğumuz üçün bizim hamımıza qarşı soyqırımı törətsinlər.
Qətlə yetirilən əhalinin 50 faizi "dəhliz” deyilən ərazidə öldürülənlərdir. Guya həmin hissəni vermişdilər ki, əhali çıxsın.
Ağdamda meyitləri meşədən gətirirdilər. Oradakı meyitlərin əksəriyyəti tanınmaz halda idi. Başlarının dərisini soymuşdular, beyinləri, başları dağılmışdı. Ancaq paltarından tanıyırdıq”.
O, Xocalı soyqırımı zamanı qətlə yetirilən şəxslərdən 18 nəfərinin meyitinin 2023-cü ildə Xocalıda tapılan zaman onların ayaqlarının və qollarının məftillə bağlı vəziyyətdə olduğunu da söyləyib.
Məhkəmədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş hadisələrlə bağlı müvafiq istintaq hərəkəti protokolları tədqiq olunub.
Daha sonra Xocalı soyqırımı ilə bağlı kadrların nümayiş etdiriləcəyi, videomateriallarda həssas məqamların olduğu nəzərə alınaraq ürəyi zəif olanların zaldan çıxmaları barədə xəbərdarlıq edilib.
Videomateriallarda müxtəlif yaş qrupundan olan kişilərin və qadınların, o cümlədən uşaqların və qocaların meyitlərinin görüntüləri yer alıb. Meyitlərin bir hissəsi dərisi soyulmuş, gözləri çıxarılmış, bəzi əzaları kəsilmiş vəziyyətdə olub.
Videonun nümayişi zamanı zalda olanlar kövrəlib.
Təqsirləndirilən şəxslərin də bəziləri videogörüntülərin onlara guya pis təsir etdiyini öz hərəkətləri ilə nümayişkəranə şəkildə göstəriblər.
Ardınca məhkəmədə Xocalı soyqırımına dair protokollar təqdim edilib.
Məhkəmə prosesində digər sənədlərin tədqiqi zamanı fotojurnalist Viktoriya İvlevanın çəkdiyi fotoşəkillər, "İzvestiya” qəzetində Yerevanın hadisəni hərbi nailiyyət kimi qiymətləndirməsi barədə məqalə nümayiş etdirilib.
Habelə Ermənistanın müdafiə naziri və prezidenti olmuş Serj Sarkisyanın britaniyalı jurnalist Tomas De Vala verdiyi və faciənin etnik təmizləmə olduğunu etiraf edən müsahibəsi nümayiş olunub. S.Sarkisyan müsahibə zamanı Xocalıda törədilənlərdən təəssüflənmədiyini bidirib.
S.Sarkisyanın fikirlərinə istinad edən dövlət ittihamçısı Tuqay Rəhimli deyib ki, bunlar Ermənistan tərəfindən Xocalı soyqırımının məqsədyönlü, sistemli şəkildə törədildiyini təsdiqləyir.
Prosesdə daha sonra Xocalı soyqırımında iştirakı müəyyən edilmiş təqsirləndirilən şəxs Madat Babayan dindirilib.
O, 1992-ci il fevralın 25-də və 26-da Xocalıda olduğunu təsdiqəyib və deyib: "Bizi oraya dəstə rəhbərimiz aparmışdı. Adı Henrik Tamrazyan idi. Məqsəd o idi ki, azərbaycanlılar Xocalıdan çıxarılsın”.
M.Babayan dəstələrində 20 nəfərin olduğunu, başqa dəstələrin də olduğunu deyib. Əlavə edib ki, Rembert Karapetyan, Valeri Sarkisyan adlı dəstə rəhbərlərini xatırlayır.
"Bizim dəstənin üzvlərindən isə Valeri Petrosyan, David Qriqoryan, Albert Qriqoryan, Şirin Şirinyan, Spartak Akopyanı xatırlayıram”, - deyə o vurğulayıb.
Təqsirləndirilən şəxs Xocalıda bütün əmrləri "Xolostoy” ləqəbli Arkadi Şirinyanın verdiyini deyib və əlavə edib: "Bizə isə əmrləri Vanik Petrosyan verirdi. Silahsız insanlara atəş açıb onların qətlə yetirilməsi əmrini Vanik verib. Vanik və Arkadi insanların barmaqlarını, meyitlərin qulaqlarını kəsirdilər”.
M.Babayan dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandırarkən Xocalıya silahlar gəldiklərini, zirehli texnikalardan istifadə edildiyini təsdiqləyib. Təqsirləndirilən şəxs silahsız insanların qətlində iştirak etdiyini etiraf edib və bildirib: "Səhv etmişik”.
O, Xocalıda aralarında uşaqların, qocaların və qadınların da olduğu təxminən 150 meyit gördüyünü, meyitlərin erməni hərbçilər tərəfindən maşınlara yığılaraq aparıldığını bildirib.
Bu zaman zərərçəkmiş şəxs Yaşar Əlməmmədov söz alaraq M.Babayana itkin düşmüş qardaşı barədə sual verərək deyib: "Mənim qardaşım Namiqi sənin dəstən apardı. Haraya aparmısan? Qardaşımın yerini de, heç olmasa sümüklərini tapaq. Onun arvadı həmin vaxt hamilə idi, oğlu oldu. İndi qardaşımın oğlunun 33 yaşı var, dərddən başı ağarıb. Qardaşım haradadır? Yerini de!”.
M.Babayan isə cavabında Namiq Əlməmmədovu tanımadığını iddia edib.
Bu zaman zərərçəkmiş şəxslərin nümayəndəsi Şaiq Hüseynov məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs David İşxanyanın M.Babayana suallara cavab verməsində kömək etməsinə etirazını bildirib.
Məhkəmə iclasına sədrlik edən Zeynal Ağayev D.İşxanyanın yerini dəyişib.
Sonra M.Babayanın Xocalı soyqırımı ilə bağlı ibtidai istintaqda verdiyi ifadə elan olunub və ibtidai istintaq zamanı hadisə yerində çəkilmiş videomaterial nümayiş etdirilib.
Məhkəmənin növbəti iclası aprelin 21-nə təyin olunub.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
Şərhlər