Avstraliya Ali Məhkəməsi məşhur amerikalı pop ifaçısı Keti Perriyə (əsl adı Ketrin Hadson) qarşı onun adaşı olan avstraliyalı dizayner Keti Perrinin iddiasına baxacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "New York Times" nəşri məlumat yayıb.
Məlumata görə, qadınlar arasındakı məhkəmə çəkişmələri beş ildən çoxdur ki, davam edir və indiyə qədər nəticələr qeyri-müəyyən qalıb. 2023-cü ildə dizayner Perri məhkəməni qazansa da, 2024-cü ildə bu qərar apellyasiya məhkəməsi tərəfindən ləğv edilib.
Avstraliyalı dizayner Keti Perri bildirib ki, öz adını daşıyan geyim brendini 2006-cı ildə yaradıb və layihə üzərində bir il sonra işləməyə başlayıb. O, ticarət nişanının qeydiyyatı üçün 2008-ci ildə müraciət edib və qeydiyyat 2009-cu ildə təsdiqlənib. Dizaynerin iddiasına görə, bütün bunlar məşhur müğənni Keti Perrinin Avstraliyada tanınmasından əvvəl baş verib. O, amerikalı sənətçini "adına müdaxilə etməkdə" ittiham edir.
Məlumatlara görə, tərəflər arasında ilk mübahisə 2009-cu ildə, Keti Perrinin "I Kissed a Girl" adlı ilk albomunu təqdim etməsindən sonra yaranıb. Müğənninin nümayəndələri məhkəmədə bildiriblər ki, eyni və ya oxşar adın istifadəsi ilə bağlı dizaynerə müraciət ediblər, lakin dizayner bu təklifi rədd edib. Öz növbəsində dizayner Keti Perri belə bir müraciət almadığını iddia edir.
Aydın
Şərhlər