ABŞ Prezidenti Donald Tramp Kreml siyasətindən dərin narazılığını ifadə edərək, Vladimir Putinə Ukraynada atəşi dayandırmaq üçün cəmi 10 gün vaxt verib. Əks halda, yeni iqtisadi sanksiyalar tətbiq olunacağını bildirib. Bu, son aylarda Trampın Rusiya rəhbərliyinə yönəltdiyi ikinci ultimatumdur – əvvəlki müddət 50 gün idi.
Qaynarinfo xəbər verir ki, "Atlantic Council” analitik mərkəzinin
yazdığına görə, Tramp Putinə Rusiya üçün olduqca əlverişli şərtlərlə sülh təklif edir, lakin Kreml bu təklifi qəbul etmir.
Trampın yeni addımı ABŞ diplomatiyasında ciddi dönüş kimi qiymətləndirilir. Əvvəllər Vaşinqton gərginliyin azaldılması müqabilində Rusiyaya güzəştlər etməyə hazır idi. Bildirilir ki, Tramp hətta Krımın anneksiyasını tanımaq imkanını nəzərdən keçirmişdi. Ağ Ev isə açıq şəkildə Kremlin tənqidindən çəkinir və Rusiyanın hərbi cinayətlərə görə məsuliyyətə cəlb olunması təşəbbüslərini dəstəkləmirdi.
Dönüş nöqtəsi Trampın Avropalı müttəfiqlər vasitəsilə Ukraynanı silahla təchiz etməyə razılaşması oldu. Bu addım hər nə qədər gecikmiş sayılsa da, mühüm hesab edilir. Hazırda Vaşinqtonda bu yardımın müharibənin gedişatını dəyişib-dəyişməyəcəyi ilə bağlı müzakirələr aparılır.
Putin niyə sülhdən imtina edir?
ABŞ-ın təklif etdiyi əlverişli şərtlərə baxmayaraq, Putin danışıqlardan boyun qaçırır. "Atlantic Council”ə görə, bunun üç əsas səbəbi var:
1. Cəbhədə təşəbbüs Rusiya tərəfindədir. Rusiya hücumlarının ləng getməsinə baxmayaraq, Kreml müharibəni tükəndirmə strategiyası ilə qazandığına inanır.
2. Hərbi iqtisadiyyat. 2022-ci ildən bəri Rusiya iqtisadiyyatını hərbi rejimə uyğunlaşdırıb. Zavodlar fasiləsiz işləyir, hərbçi ailələrinin gəlirləri artıb və bu da sanksiyalardan doğan itkiləri qismən kompensasiya edir.
3. Daxili sabitlik. Sülh minlərlə veteranın cəbhədən geri dönməsi deməkdir. Onlar yüksək gəlirə öyrəşiblər və bu, ölkə daxilində sabitliyi poza bilər.
Amma əsas səbəb daha dərindir: Putin müstəqil Ukraynanın mövcudluğunu Rusiya imperiya kimliyinə təhdid sayır. Məhz bu ideoloji inanc onu nə məğlubiyyətlə barışmağa, nə də kompromisə getməyə imkan vermir.
Analitiklər yazır:
"Trampın əlverişli sülh şərtlərinin Putinə qəbul etdirilə bilməməsi, qismən Kremlin qələbəyə dair artan gözləntiləri və danışıqlar yolu ilə əldə ediləcək razılaşmanın nəticələrinə dair qeyri-müəyyənlik qorxusuyla izah oluna bilər. Lakin əsas amil Putinin Ukrayna dövlətçiliyini Rusiyaya mövcudluq səviyyəsində təhdid sayması və onu tamamilə məhv etmək qərarlılığıdır”.
Qərbin vəziyyəti dəyişmək imkanı var
"Atlantic Council” mütəxəssisləri vurğulayırlar ki, Qərb yalnız döyüş meydanındakı reallığı dəyişməklə Putini sülhə məcbur edə bilər. Bunun üçün:
* Ukraynaya müasir silahlar verilməli,
* Ukrayna Silahlı Qüvvələrinin təşəbbüsü bərpa olunmalı,
* Döyüş əməliyyatları Rusiya ərazisinə keçirilməli, Kremlin aqressiyasının bədəli göstərilməlidir.
Xatırlatma: Tramp bəyan edib ki, Kreml 10 gün ərzində müharibəni dayandırmağa dair irəliləyiş göstərməsə, ABŞ Rusiyaya qarşı gömrük rüsumları və digər tədbirləri tətbiq etməyə başlayacaq.
Eyni zamanda, Ağ Evdə bildirilib ki, bəzi insanlar Prezident Trampın Rusiya ilə bağlı səbrini yanlış şərh etmiş ola bilər. ABŞ Dövlət Departamentinin sözçüsü Təmmi Brüsin sözlərinə görə, Tramp ciddi yanaşılmalı bir şəxsdir və onun sülh təşəbbüslərinin nəticələri "dünyanın hər yerində” görünür.
Alpər
Şərhlər