ABŞ hökumətinin Səmərəlilik departamentinin rəhbəri, milyarder İlon Mask ötən ay Çinlə bağlı gizli brifinqdə iştirak etməli idi. Lakin ABŞ prezidenti Donald Tramp bundan xəbər tutduqdan sonra brifinqin keçirilməməsi barədə göstəriş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Axios" 16 aprel tarixində mənbələrə istinadla
məlumat yayıb.
Nəşrin yazdığına görə, Pentaqonda Mask üçün nəzərdə tutulan brifinq Trampı hiddətləndirib. Tramp administrasiyasından olan bir məmur anonimlik şərti ilə bildirib ki, prezident hələ də Maskla bağlı müsbət münasibətə malikdir, lakin "bəzi qırmızı xətlər var”. Onun sözlərinə görə, milyarderin Çində çoxsaylı biznes maraqları var, orada "yaxşı əlaqələrə malikdir və bu brifinq sadəcə doğru deyildi”.
Məmur qeyd edib ki, Ağ Evin rəhbəri brifinq barədə məlumat aldıqda deyib: "Maskın orada nə ölümü azıb? Əmin olun ki, o, ora getməyəcək”.
Məqalədə əlavə olunur ki, bu insident barədə ictimaiyyət ilk dəfə 20 martda xəbər tutub. Həmin gün Tramp "The New York Times” qəzetinin Maskın Pentaqona səfəri ilə bağlı xəbərini təkzib edib, brifinqin ləğvindən sonra bu məsələ gündəmə gəlib.
21 martda Mask yenə də Pentaqonda Heqsetlə birgə keçirilən brifinqdə iştirak edib, lakin jurnalistlərin qeyd etdiyinə görə, burada Çinlə bağlı heç bir mövzu müzakirə olunmayıb.
20 martda "The New York Times” anonim amerikalı rəsmilərə istinadla yazmışdı ki, Pentaqon Maskı ABŞ ordusunun Çinlə müharibə ehtimalına dair planları ilə tanış etmək istəyir. Məqalədə qeyd olunurdu ki, belə bir brifinq Maskın onsuz da əhəmiyyətli rolunu daha da artıracaq və mümkün maraq toqquşması məsələsini gündəmə gətirəcək. Çünki Maskın şirkətləri Pentaqonun əsas tədarükçülərindən biridir, eyni zamanda onların Çində böyük maliyyə maraqları var.
Tramp görüşün baş tutduğunu təsdiqləsə də, orada Çinlə bağlı hərbi planların müzakirə olunduğunu inkar edib. "Çin heç vaxt xatırlanmayacaq və ya müzakirə olunmayacaq. Rüsvayçı odur ki, gözdən düşmüş KİV-lər belə yalanlar uydura bilirlər. Hər halda, bu hekayə tamamilə yalandır!” – deyə Tramp "Truth Social” sosial şəbəkəsində yazıb.
Trampın bu sözlərini Mask da X-də (keçmiş Twitter) sitat gətirib, "The New York Times”ı "təmiz təbliğat” adlandırıb və "NYT-yə bilərəkdən yalan məlumat ötürən Pentaqon əməkdaşlarının hüquqi məsuliyyətə cəlb olunmasını səbirsizliklə gözlədiyini” bildirib.
22 martda Bloomberg yazıb ki, Maskın açıqlamalarından sonra ABŞ Müdafiə Nazirliyi məlumat sızmasının baş verə biləcəyi ilə bağlı poliqraf (yalan detektoru) ilə araşdırma başladıb.
7 apreldə "The Washington Post” yazıb ki, Mask Trampdan ABŞ-a idxal olunan məhsullara tətbiq olunan rüsumların azaldılmasını xahiş edib.
12 apreldə "Politico” yazıb ki, Mask bəzən Trampın mövqeyi ilə açıq şəkildə razılaşmır, halbuki digər müşavirlər bunu etməyə cürət etmir, bu isə ABŞ prezidentinin xoşuna gəlmir.
15 apreldə "Politico” qeyd edib ki, ehtimal olunan məlumat sızmasının araşdırılmasından sonra Pentaqon iki amerikalı rəsmini inzibati məzuniyyətə göndərib.
Alpər
Şərhlər