ABŞ-ın Massaçusets Amherst Universitetində təhsil alan bir tələbə təsadüfən olduqca qeyri-adi bir kəşfə imza atıb: Öz-özünə sabit forma ala bilən bir maye!
Qaynarinfo xəbər verir ki, bu maye, hər qarışdırıldıqdan sonra daim eyni, qədim urna formasını alaraq alimləri təəccübləndirib.
Qarışıq, lakin sabit nəticə
Polimer elmi tələbəsi Antoni Reyx tərəfindən aparılan təcrübə, yağ, su və mikroskopik ölçülü maqnit nikel hissəciklərindən ibarət bir qarışığın araşdırılması ilə başlayıb. Normalda belə iki qarışmayan maye – məsələn, yağ və su – bir yerdə çalxalandıqda ya təbəqələr şəklində ayrılır, ya da kiçik, dairəvi damcılar əmələ gətirir. Bu, termodinamik qanunlara əsasən, mayelərin səth gərginliyini və enerjini minimuma endirmək istəyi ilə əlaqədardır.
Lakin Reyxin təcrübəsində baş verənlər bu qanunlara zidd idi. Qarışıq, adi damcılar əmələ gətirmək əvəzinə, çalxalanmadan sonra hər dəfə sabit şəkildə urna formasına bürünürdü. Təcrübə neçə dəfə təkrarlansa da, nəticə eyni olurdu – maye yenidən və yenidən həmin qeyri-adi formaya qayıdırdı.
Termodinamikaya meydan oxuyan forma
Bu urna şəklindəki forma təkcə gözlənilməz deyil, həm də fizikanın əsas qanunlarına qarşı çıxırdı. Termodinamikanın birinci prinsiplərinə görə sistemlər ən aşağı enerji vəziyyətinə can atır. Bu səbəbdən yağ və su kimi mayelər mümkün qədər az səth sahəsi yaratmağa çalışır. Lakin urna forması əksinə, daha çox səth sahəsi tələb edirdi.
Sirr: maqnit nikel hissəciklərində
Tədqiqatı dərinləşdirən alimlər bu qəribə davranışın səbəbinin nikel hissəciklərində olduğunu aşkar etdilər. Bu hissəciklər maqnit xassələrə malik olduğundan, "dipol" adlı kiçik zəncirlər yaradaraq bir-birini cəzb edir və müəyyən istiqamətdə hizalanırdılar. Bu zəncirlər maye səthində toplanaraq onun sabit formaya düşməsinə və adi yağ-su ayrımının qarşısının alınmasına səbəb olurdu.
Gələcək üçün imkanlar açılır
Bu kəşf, mayelərə sabit və fərqli formalar vermə istiqamətində yeni tədqiqatların yolunu aça bilər. Xüsusilə material elmi, robototexnika və biotibbi tətbiqlər sahəsində bu texnologiyanın gələcəkdə hansı faydalar verə biləcəyi hələ tam məlum deyil. Lakin bu təsadüfi tapıntı elm dünyası üçün maraqlı imkanlar və suallar doğurur.
Aydın
Şərhlər